Ottavio PALMIERİ: Əyalətdə klassik musiqiyə bu qədər insanın maraq göstərməsi məni heyran etmişdir

 

Qəbələ festivalı çox yüksək səviyyədə davam edir. Çoxsaylı mətbuat nümayəndələrinin, yüksək səviyyəli musiqiçilərin iştirakı və fərqli musiqi janrlarına müraciət olunması bu tədbirin əhəmiyyətini daha da artırır.

Bu sözləri Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ IV Beynəlxalq Musiqi Festivalında iştirak edən İtaliyanın R.Leonkovallo adına Musiqi Festivalının direktoru və eyniadlı musiqi fondunun rəhbəri, tanınmış vokalçı Ottavio Palmieri  AzərTAc-a müsahibəsində demişdir.

"Auditoriya bizi çox isti və açıq qəlblə qarşılayır. Bu günlərdə dünya şöhrətli musiqiçilər ifaları ilə bu təntənəli mərasimə xüsusi ovqat gətirirlər", - deyə vokalçı əlavə etmişdir.

Paytaxtdan xeyli uzaq əyalətdə bu qədər insanın klassik musiqiyə yüksək səviyyədə maraq göstərməsinin onu valeh etdiyini vurğulayan O.Palmieri Qəbələ torpağında dünya şöhrətli musiqiçilərin bir araya gəlmələrini mühüm hadisə kimi qiymətləndirmiş, burada olmaqdan məmnunluğunu bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 31 iyul.- S. 6.