Marko KİNQARİ: Qəbələ
festivalının bu dərəcədə
yüksək səviyyəli bir tədbir olduğunu bilmirdim
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalının iştirakçısı olan məşhur italiyalı vokalçı Marko Kinqari müsahibəsində bu tədbirin çox yüksək səviyyədə təşkil edildiyini bildirmişdir.
İtaliyalı musiqiçi demişdir: "Bu festivalda ilk dəfədir iştirak edirəm. Açığını deyim ki, Qəbələ festivalının bu dərəcədə yüksək səviyyəli bir tədbir olduğunu bilmirdim. Burada 14 gün ərzində dünyanın məşhur musiqiçiləri bir araya gəlir. Tanınmış musiqiçilərlə, xüsusən də London Royal Filarmonik Orkestri ilə bir səhnədə çıxış etmək böyük şərəfdir. Bu baxımdan bir az həyəcanlı idim. Artıq konsertim başa çatsa da, bu möhtəşəm musiqi bayramının xoş təəssüratlarını yaşayıram. Bu gözəl musiqi bayramında iştirakımdan məmnunam. Festivala bu qədər insanın qatılması böyük uğurdur.
Qəbələ Bakıdan uzaqda yerləşsə də, konsertlərə paytaxtdan və bölgələrdən xeyli sayda musiqisevər qatılır. Bu da şübhəsiz, festivalın yüksək səviyyədə təşkilinin və keyfiyyətinin göstəricisidir".
AzərTAc
Azərbaycan.- 2012.- 31 iyul.- S. 6.