Amerika Birləşmiş
Ştatlarının Prezidenti zati-aliləri
cənab Barak Obamaya
Hörmətli cənab Prezident!
Amerika
Birləşmiş Ştatlarının milli bayramı -
Müstəqillik Günü münasibətilə Sizə və
Sizin simanızda bütün xalqınıza öz adımdan və
Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi
yetirirəm.
Biz
ölkəmizin Amerika Birləşmiş Ştatları ilə
münasibətlərinə böyük əhəmiyyət
veririk. Bu baxımdan siyasi, iqtisadi və humanitar sahələrdə
əlaqələrimizin müvəffəqiyyətlə
inkişaf etməsi, daim genişlənməsi məmnunluq doğurur.
Bu gün Azərbaycan ilə Birləşmiş
Ştatları bir sıra sahələrdə strateji tərəfdaşlıq
münasibətləri birləşdirir. Biz bundan sonra da enerji
təhlükəsizliyi, terrorizmə qarşı mübarizə
sahəsində birgə səylərimizi davam etdirmək,
dünyanın ən qaynar nöqtələrində sabitliyin təmin
edilməsi işinə töhfələr vermək əzmindəyik.
Birləşmiş
Ştatların bütövlükdə regionumuza diqqəti,
sülhün və əmin-amanlığın bərqərar
olması prosesinə dəstəyi bizim üçün
çox əhəmiyyətlidir. Ermənistanın Azərbaycana
qarşı həyata keçirdiyi işğalçılıq
siyasəti və təcavüz nəticəsində ölkəmizin
ərazi bütövlüyü pozulmuş, torpaqlarımız
işğal olunmuş və bir milyondan çox
soydaşımız öz doğma yurd-yuvasından didərgin
düşmüşdür. Biz sülhyaratma missiyasını
həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədri
kimi Birləşmiş Ştatların və şəxsən
Sizin, cənab Prezident, bu münaqişənin beynəlxalq
hüquq normaları əsasında, sülh yolu ilə, tezliklə
və ədalətli həlli üçün göstərdiyiniz
səylərə böyük ümidlər bəsləyirik.
Belə
bir əlamətdar gündə Sizə, cənab Prezident, möhkəm
cansağlığı, işlərinizdə uğurlar, dost
Amerika xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 22 iyun 2012-ci il
Azərbaycan.- 2012.- 4 iyul. - S. 1.