Mərakeşin milli bayramı şərəfinə

 

İyulun 30-da Mərakeş Krallığının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Taxt-tac günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycanın və Mərakeşin dövlət himnləri səslənmişdir.

Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami çıxış edərək ölkəsinin keçdiyi inkişaf yolundan danışmış, siyasiiqtisadi sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır.

Diplomat Azərbaycan ilə Mərakeş arasında ənənəvi dostluq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu bildirərək ölkələrimizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi yolu ilə inamla irəlilədiyini vurğulamış və qeyd etmişdir ki, həm ikitərəfli qaydada, həm də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi üçün bundan sonra da birgə səylər göstəriləcəkdir.

Son illərdə Azərbaycanın sürətli inkişafından danışan H.Hami ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini böyük uğur kimi qiymətləndirmişdir.

Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünün tamam olduğunu vurğulayan Həsən Hami bu illərdə iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində böyük uğurların əldə olunduğunu söyləmişdir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əlamətdar gün münasibətilə Mərakeş xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırmışdır.

Nazir bildirmişdir ki, Azərbaycan ilə Mərakeş arasında ənənəvi dostluq, qarşılıqlı etimad və dəstəyə, əməkdaşlığa söykənən münasibətlər bundan sonra da ikitərəfli əlaqələrin inkişafına və möhkəmlənməsinə, xalqlarımızın mənafelərinə, onların tərəqqisinə xidmət edəcəkdir.

Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2012.- 31 iyul.- S. 6.