Elşad İSKƏNDƏROV:
Udinlərə qarşı tarixi ədalətsizlik erməni
irqçiliyinin bariz nümunəsidir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov şimal-qərb bölgəsinə səfəri çərçivəsində Nic kəndindəki tarixi alban abidəsi - Müqəddəs Yelisey kilsəsi (Çotari) ilə tanış olmuşdur.
DQİDK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, icma fəalları kilsənin tarixi haqqında məlumat vermişlər. Qeyd edilmişdir ki, 1723-cü ildə inşa olunmuş bu kilsə 1836-cı ildə "Rusiya müqəddəs Sinodu"nun xüsusi qərarı ilə erməni qriqorian kilsəsinin sərəncamına verilmişdir. Həmin vaxtdan başlayaraq udinlər etiraz əlaməti olaraq kilsəyə getməmişlər.
Görüş zamanı qeyd edilmişdir ki, 2005-ci ildə Prezident İlham Əliyevin Nic sakinləri ilə görüşdən sonra verdiyi tapşırığa əsasən, alban tarixi dini abidələrinin bərpasına başlanılmışdır. Udinlərin tarixi, dini irslərinin bərpasına şərait yaratmaq məqsədilə Nic və Oğuz rayonlarında Alban-Udi dini icmaları yaradılmışdır.
Kilsədə aparılan təmir işləri ilə tanış olan DQİDK-nın sədri udin icması tərəfindən tarixi alban kilsəsinin bərpası istiqamətində aparılan işləri yüksək qiymətləndirmiş, udinlərin erməniləşmə təhlükəsi ilə üzləşərək uzun illər boyu dini həyatdan məhrum olmalarını böyük ədalətsizlik kimi qiymətləndirmişdir. Bildirmişdir ki, ermənilərin tarixi alban kilsəsinin həm arxivlərini, həm dini liturgiyasını, həm dini məbədlərini oğurlayıb mənimsəmələri, yaxud da məhv etmələri erməni millətçiliyinin, dini irqçiliyinin bariz nümunəsidir. Onlar bütün dünyaya car çəkdikləri kimi yalnız müsəlman azərbaycanlılara qarşı deyil, digər xristian xalqlara, o cümlədən Qafqazın ən qədim xristianları olan udinlərə qarşı yönəlmiş dözümsüzlük və mədəni vandalizmdən belə çəkinməmişlər.
Qeyd edilmişdir ki, lakin Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaşayan bütün milli azlıqlara öz tarixi milli-mənəvi dəyərlərinin bərpasına, inkişaf etdirilməsinə tam şərait yaradılmışdır. Bu istiqamətdə görülən işlərin sayəsində də hazırda ölkəmiz bütün dünyada tolerantlıq nümunəsi kimi göstərilir.
Görüş iştirakçıları
xüsusi vurğulanmışlar ki, Prezident İlham Əliyevin
apardığı məqsədyönlü daxili və xarici
siyasət nəticəsində Azərbaycanın regional liderə
çevrilməsi bizim tariximizə və udin xalqına
qarşı həyata keçirilmiş bu vandalizmin nəticələrinin
aradan qaldırılması üçün əlverişli
şərait yaratmışdır. Dövlət
başçısının Nic kəndinə səfərindən
sonra alban abidələrinin bərpasına
başlanmış, icmanın təşkilatlanması və
tarixi kilsənin irsinə yiyələnməsi istiqamətində
müsbət işlər görülmüşdür.
Bütün bu işlər həm udin xalqına, həm də
bütövlükdə Azərbaycan tarixinə qarşı
törədilmiş ədalətsizlik tamamilə aradan
qaldırılanadək davam etdirilməlidir.
Azərbaycan.- 2012.- 31 iyul.- S. 6.