Dəmirağac naxışları

 

 Yurdumuzun cənub bölgəsində, xüsusilə də Lənkəran və Masallı meşələrində bitən dəmirağac Azərbaycan təbiətinin nadir sərvətlərindən sayılır. İki yüz ildən artıq ömür sürən bu meşə inciləri qeyri-adilikləri ilə öz "həmkarları"ndan seçilirlər. İlk növbədə çox möhkəm, ağır və davamlı olduğu üçün ondan bəzi maşın hissələri hazırlanır, bədii məmulat və dekorativ məqsədilə istifadə edilir.

Elə bu keyfiyyətinə görə də ona dəmirağac deyirlər. Bu qollu-budaqlı, qamətli meşə ağacının özünəməxsus xüsusiyyətlərindən biri də onun yeni göyərən pöhrələrinin təzədən gövdəsinə pərçimlənərək boy atmasıdır. Qəribəlik ondadır ki, balta ilə doğranması mümkün olmayan bu ağac öz "balaları" üçün o qədər yumşaq olur ki, lap təbiətdəki canlıların öz balaları ilə şirin oyununu xatırladır. Pöhrə can aldığı gövdənin istədiyi yerindən boylana bilir. Həqiqətən heyrətlənməmək mümkün deyil. Çünki bu ağacların qol-budaqlarının bir-birinə qeyri-adi sarılması sanki insana bir "dərs" verir. Bax, ibrət götür, öyrən! Doğulduğun ailəni, yurdu, obanı bizim kimi sev, ondan ayrılma! Hara ucalsan da, yenə də sonda sənə həyat verənin yanına qayıt! Onda daha qollu-budaqlı, möhkəm, böyük və kölgəli olarsan!

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 31 iyul.- S. 8.