Azərbaycan və Fransa arasında əməkdaşlığın inkişaf dinamikası məmnunluq doğurur

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya rəsmi səfəri çərçivəsində iyulun 30-da fransalı həmkarı Loran Fabiusla görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan və Fransa arasında əlaqələrin hazırkı durumuinkişaf perspektivləri, eləcə də beynəlxalq və regional məsələlər müzakirə olunmuşdur.

Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Fransua Ollanda ünvanladığı məktubu Loran Fabiusa təqdim etmişdir.

Bu il Fransa və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünün qeyd edildiyini vurğulayan E.Məmmədyarov L.Fabiusu Azərbaycana səfərə dəvət etmişdir. Dəvət fransalı nazir tərəfindən məmnuniyyətlə qəbul edilmişdir.

Nazir L.Fabius ölkələrimiz arasında siyasi, iqtisadi, enerjihumanitar sahələrdə əməkdaşlığın hazırkı inkişaf dinamikasından məmnunluğunu bildirmiş, Azərbaycanın Fransa üçün vacib iqtisadi tərəfdaş olduğunu vurğulamışdır.   

İki ölkə arasında mədəni əməkdaşlıqdan bəhs edən L.Fabius Bakıda inşa edilməkdə olan fransız liseyinin ərsəyə gəlməsi üçün Azərbaycan hökuməti tərəfindən göstərilən səylərin Fransa hökuməti tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir. Fransalı nazir bu liseyin iki xalq arasında dostluq tellərinin daha da güclənməsinə töhfəsini verəcəyinə əminliyini bildirmişdir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqlar prosesi də müzakirə edilmişdir. Nazir E.Məmmədyarov Fransanın münaqişənin həlli istiqamətində səylərini gücləndirəcəyinə ümidvar olduğunu bildirmişdir.  

Daha sonra nazirlər BMT Təhlükəsizlik Şurasının gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.

 

 

Azərbaycan.- 2012.- 31 iyul.- S. 2.