Heydər Əliyev. Müstəqilliyimiz əbədidir çoxcildliyinin 40-cı cildi çapdan çıxmışdır

 

 "Siz yəqin ki, Azərbaycanın ən ağır problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə tanışsınız. Bunun tarixi haqqında sizə məlumat vermək istəmirəm. Ancaq onu bildirmək istəyirəm ki, bu münaqişə hələ 1989-cu ildə, sovet hakimiyyəti zamanı başlayıbdır. Azərbaycan və Ermənistan dövlət müstəqilliyi əldə etdikdən sonra bu münaqişə daha da  kəskinləşib və bəzi səbəblərdən Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal edibdir. İşğal edilmiş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılıb və indi ağır şəraitdə, çadırlarda yaşayırlar".

AzərTAc xəbər verir ki, bu sətirlər "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin "Azərnəşr" tərəfindən yenicə çapdan buraxılmış 40-cı cildindən - Prezident Heydər Əliyevin 2002-ci il iyulun 16-da İtaliya xarici işlər nazirinin müavini Marqarita Boniverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündəki nitqindən götürülmüşdür.

Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxcildlik əsərlərinin oxuculara təqdim olunan bu növbəti cildində ulu öndərin  respublikamızın sürətli iqtisadi tərəqqisi və yüksəlişi, xalqımızın rifahının yaxşılaşdırılması naminə keçirdiyi görüşlərdə səsləndirdiyi fikir və tövsiyələr öz əksini tapmışdır. Kitabda ümummilli lider Heydər Əliyevin GUÖAM-ın üzvi olan ölkələrin dövlət başçılarının Yalta zirvə görüşündə nitqi, dövlət və hökumət nümayəndələri ilə apardığı danışıqları, bəyanat və müsahibələri, Ukraynada yaşayan soydaşlarımızla görüşləri, ölkəmizə səfər etmiş İtaliya, Lüksemburq, Yaponiya, Türkiyə, ABŞ, Almaniya, Ukrayna və Fransanın nüfuzlu dairələrinin nümayəndələri ilə söhbətləri  yer almışdır.

Kitabda böyük siyasi xadim Heydər Əliyevin respublikamızın milli mətbuat gününə həsr olunmuş mərasimdəki parlaq nitqi və Bakı Mətbuat Klubunun təsisçiləri ilə görüşdəki dərin məzmunlu çıxışı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına həsr olunmuş materiallar dərc edilmişdir.

Bu cilddə, həmçinin ümummilli lider Heydər Əliyevin Naxçıvana səfəri zamanı muxtar respublikanın sosial-iqtisadi proqramının həyata keçirilməsi ilə əlaqədar Ali Məclisdə keçirilmiş müşavirədə beynəlxalq hava limanının tikintisinə, AMEA-nın Naxçıvan bölməsinin yaradılmasına dair nitq və çıxışları, Şahbuz, Sədərək, Şərur, Babək rayon sakinləri ilə görüşlərdəki söhbəti, respublikanın və xarici ölkələrin KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında çıxışı və digər materiallar öz əksini tapmışdır.

Kitabda əks olunan rəsmi sənədlər, çıxışlar, müsahibələr, fərmanlar, müraciətlər, bəyanatlar, məktublar, məruzələr 2002-ci ilin iyulundan sentyabradək olan dövrü əhatə edir.

"Azərnəşr" tərəfindən çap olunan çoxcildliyin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 4 iyul.- S. 2.