Azərbaycan Prezidenti İlham Əliyev Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidentini və baş katibini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Mixail Şmakovu və konfederasiyanın baş katibi Vladimir Şerbakovu qəbul etmişdir.                   

Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Mixail Şmakov Azərbaycanda ölkə rəhbərliyi ilə həmkarlar qurumları arasında sıx əlaqələrin və fəal əməkdaşlığın  mövcudluğunu məmnunluqla qeyd etdi.

Ölkəmizə hər dəfə səfər etdikləri zaman Azərbaycanda böyük inkişaf proseslərinin və müsbət dəyişikliklərin şahidi olduqlarını vurğulayan Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Mixail Şmakov bu istiqamətdə  Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın təcrübəsinin və əldə etdiyi nailiyyətlərin yaxşı nümunə kimi rəhbərlik etdiyi təşkilatın iclaslarında müzakirə etdiklərini söylədi. Mixail Şmakov həmkarlar hərəkatındakı yüksək xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümum Həmkarlar İttifaqları Konfederasiyasının ali mükafatına - Qızıl döş nişanına layiq görülməsi ilə bağlı təşkilatın yekdilliklə qərar qəbul etdiyini dedi və  mükafatı dövlətimizin başçısına təqdim etdi.

Təşkilatın baş katibi Vladimir Şerbakov Rusiyada və  Azərbaycanda hökumət qurumları ilə həmkarlar ittifaqları arasında münasibətləri yüksək dəyərləndirdi.

Dövlət başçısı Ümum Həmkarlar İttifaqları Konfederasiyasının yüksək mükafatına layiq görülməsindən məmnunluğunu ifadə etdi və bunu ölkəmizdə hökumət orqanları ilə həmkarlar ittifaqları arasında əməkdaşlığa verilən yüksək qiymət kimi dəyərləndirdi.  Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan dövlətinin əsas məqsədi insanların sosial həyat şəraitini yaxşılaşdırmaqdan, ölkə iqtisadiyyatını daha da gücləndirməkdən ibarətdir.                       

Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi  və mədəni  sahələrdə uğurla inkişaf etdiyini vurğuladı, münasibətlərimizin strateji tərəfdaşlıq  xarakteri daşıdığını dedi. İkitərəfli münasibətlərimizin güclü tarixi bazaya    humanitar əməkdaşlığa əsaslandığını deyən Prezident İlham Əliyev Azərbaycanda Slavyan Universitetinin, rusdilli məktəblərin, Rusiya Mədəniyyət Mərkəzinin, Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyətini, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının inzibati binasının  tikintisini bu sahədə əməkdaşlığın nümunəsi kimi qiymətləndirdi. Dövlət başçısı əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 4 iyul.- S. 3.