Azərbaycan-Argentina
əməkdaşlığının inkişaf
perspektivləri müzakirə olunmuşdur
İyulun 3-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan ilə Argentina arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.
Bakıda iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumunun keçirildiyini xatırladan E.Məmmədyarov ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafından danışmışdır. Nazir Azərbaycan ilə Argentina arasında hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin də vacibliyini vurğulamışdır.
E.Məmmədyarov, həmçinin Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlar barədə qonağa ətraflı məlumat vermişdir. Nazir vurğulamışdır ki, Ermənistan BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrə məhəl qoymur.
H.Timerman isə Argentina ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Görüşdə, həmçinin Cənubi
Qafqaz, Latın Amerikası və Yaxın
Şərq regionlarında cərəyan edən proseslərlə
bağlı fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2012.- 4 iyul.- S. 5.