Azərbaycan və
Kolumbiya energetika sahəsində
əməkdaşlıq edəcəklər
İyul ayının 3-də Azərbaycan Respublikası sənaye və energetika naziri Natiq Əliyev Kolumbiya Respublikası Senatının ikinci konstitusional komitəsinin sədri xanım Alexandra Moreno Pirakivenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Sənaye və Energetika Nazirliyindən AzərTAc-a bildirilmişdir ki, görüşdə N.Əliyev Azərbaycanda həyata keçirilən neft strategiyası, hasilatı və nəqli haqqında qonağa ətraflı məlumat vermişdir. Bildirmişdir ki, ölkədə neft gəlirləri çox səmərəli istifadə edilir və iqtisadiyyatın qeyri-neft sahəsi inkişaf etdirilir ki, bu da əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynayır.
Kolumbiya nümayəndə heyətinin rəhbəri bildirmişdir ki, onların ölkəsində də neft hasil edilir, amma Kolumbiya əhalisinin 47 milyon olduğunu nəzərə alanda az hasilat ölkənin ehtiyaclarını təmin etmir.
Xanım Pirakive qeyd etmişdir ki, Kolumbiya tərəfi neft hasilatını artırmaq istəyir və bunun üçün Azərbaycanın malik olduğu yeni texnologiyaları öyrənmək və onun tətbiqi üçün təcrübəsindən istifadə etmək niyyətindədir.
Görüşdə ölkələr
arasında bütün sahələrdə
ikitərəfli əməkdaşlıq məsələləri
müzakirə edilmiş, qeyd
olunmuşdur ki, bu ilin sonunadək Kolumbiyada Qaz Forumu keçiriləcəkdir. Nümayəndə
heyətinin rəhbəri N.Əliyevi bu forumda iştirak etməyə
dəvət etmiş və təklif
müsbət qarşılanmışdır.
Azərbaycan.- 2012.- 4 iyul.- S. 5.