Hesablama Palatasının kollegiya iclası olmuşdur

 

 Hesablama Palatasının kollegiya iclası keçirilmişdir. Palatadan AzərTAc-a bildirmişlər ki, iclasda dövlət büdcəsinin "Təhsil" bölməsi üzrə mərkəzləşdirilmiş xərclərindən Nizami rayon uşaq-gənclər yaradıcılıq mərkəzinə ayrılan büdcə vəsaitlərinin  proqnozlaşdırılması və istifadə olunması üzrə auditin nəticələri  müzakirə olunmuşdur.

Audit zamanı yaradıcılıq mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, bir sıra ciddi maliyyə pozuntularına, nöqsan və çatışmazlıqlara yol verildiyi nəzərə alınaraq kollegiya tərəfindən yoxlama materiallarının "Hesablama Palatası haqqında" Qanunun 2-ci maddəsinin on ikinci abzasının və Azərbaycan Prezidentinin müvafiq 2009-cu il 22 iyun tarixli Fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Baş Prokurorluğa göndərilməsi, auditin nəticələri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq qaydada ciddi tədbirlərin görülməsi məqsədi ilə Təhsil Nazirliyinə təqdimatın göndərilməsi, habelə auditin nəticələri üzrə Milli Məclisə məlumatın verilməsi qərara alınmışdır.

Kollegiya iclasında, həmçinin Şəmkir Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit proqramı da təsdiq edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 4 iyul.- S. 5.