Azərbaycan ilə
Argentina arasında iqtisadi əməkdaşlığın
inkişafı məsələləri müzakirə
olunmuşdur
Rəsmi şəxslərdən və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin təmsilçilərindən ibarət Argentinanın ticarət missiyası ölkəmizdə səfərdədir.
Səfər çərçivəsində iyulun 3-də Argentinanın xarici işlər naziri Hektor Timermanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, iqtisadi əməkdaşlığın inkişaf imkanları müzakirə olunmuşdur.
Nazir Şahin Mustafayev ölkəmizin əlverişli coğrafi mövqeyə, böyük tranzit potensialına, zəruri infrastruktura malik olduğunu, Azərbaycanda möhkəm siyasi və makroiqtisadi sabitliyin hökm sürdüyünü vurğulamışdır. Argentinanın xarici işlər naziri Hektor Timerman ölkəmizin dinamik iqtisadi inkişafından məmnunluğunu bildirmiş, ikitərəfli əlaqələrin genişlənməsində böyük potensialın olduğunu vurğulamışdır.
Görüşdə müqavilə-hüquq bazasının genişləndirilməsi, prioritet investisiya layihələri barədə məlumat mübadiləsinin aparılması, turizm, ixracyönlü kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emalı və qablaşdırılması sahəsində iki ölkə şirkətləri arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılmış, AZPROMO ilə Argentinanın aidiyyəti qurumu arasında əlaqələrin qurulmasının əhəmiyyəti vurğulanmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 4 iyul.- S. 6.