Firəngiz
ƏLİZADƏ: “İpək Yolu” festivalı
gözəl bir musiqi
bayramı olacaqdır
Zənn edirəm ki, "İpək Yolu" festivalı gözəl bir musiqi bayramı olacaqdır. AzərTAc xəbər verir ki, bu sözləri Şəkidə keçirilən "İpək Yolu" III Beynəlxalq musiqi festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, UNESCO-nun sülh naminə incəsənət xadimi Firəngiz Əlizadə demişdir.
F.Əlizadə bildirmişdir ki, festivalın yenidən öz yolunu Şəki şəhərindən salması sevindirici haldır. Festivalın açılışı üçün xüsusi layihə hazırlanmışdır. Şəki xanları sarayının qoynunda maraqlı musiqili kompozisiyanı - dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin bütün dünyada məşhurlaşmış əsəri əsasında hazırlanmış "Arşın malçı İpək Yolunda" tamaşasını izlədik. Ümidvarıq ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının, Azərbaycan Dövlət Filarmoniyasının Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının, habelə xalq çalğı alətləri orkestrinin iştirakı ilə baş tutan bu qeyri-adi tamaşa parlaq təəssüratlarla yadda qalacaqdır.
Festivalın bədii rəhbəri demişdir: "Biz dünyanın bir çox ölkələrindən qonaqlar gözləyirik. Festivala məşhur musiqi kollektivləri təşrif buyuracaqlar. Gürcüstandan "Erisioni", İrandan "Acəmlər", Koreya Respublikasından "Buyoqun Cunqnam", Türkiyədən "Əl-Kindi" ansambllarının, eləcə də Türkiyənin Şəki ilə qardaşlaşmış Giresun şəhərindən folklor ansamblının konsertləri tamaşaçılara böyük zövq verəcəkdir.
Həmişə olduğu kimi, bu dəfə də
azərbaycanlı musiqiçilərin
çıxışları festivalı bəzəyəcəkdir.
Cabbar
Qaryağdı adına muğam üçlüyünün, Azərbaycan
Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestrinin və Cahangir Cahangirov adına xor
kollektivlərinin konsertləri, habelə Şəki Musiqi Kollecinin tələbələri
üçün görkəmli
musiqiçilərin ustad dərsləri təşkil
olunacaqdır. Festival çərçivəsində,
həmçinin Azərbaycan bəstəkarlarının iki yeni əsərinin
premyerası da gözlənilir".
Azərbaycan.- 2012.- 3 iyul.- S. 8.