Şəkidə
“İpək Yolu” III Beynəlxalq Musiqi
festivalı çərçivəsində Azərbaycan
Televiziyası və Radiosu xorunun
konserti olmuşdur
İyulun 3-də Şəki şəhərində "İpək Yolu" III Beynəlxalq Musiqi festivalı çərçivəsində Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xorunun konserti olmuşdur.
AzərTAc xəbər verir ki, Şəki xanları sarayının həyətində təşkil olunan konsertin tamaşaçıları arasında Milli Məclisin deputatları, Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndələri, habelə festivalda iştirak edən xarici ölkələrin musiqi kollektivlərinin üzvləri də olmuşlar.
Kollektivin bədii rəhbəri və dirijoru Şəhla Ələkbərovadır. Solistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, bədii rəhbər əməkdar artist Zərinə Allahverdiyevadır.
Konsertdə ilk dəfə olaraq tamaşaçılara Cəlal Abbasovun qaboy, zərb alətləri və qarışıq xor üçün "Bahar mərasimi" kantatası və Məmməd Cəfərovun Yunus İmrənin və Hüseyn Cavidin sözlərinə xor, solist və orkestr üçün yazılmış 3 nömrəli kantatası təqdim olunmuşdur.
Proqrama, həmçinin Frensis Leyin "Kişi və qadın" kinofilmindən musiqi, Asəf Zeynallının "Ölkəm", Aqşin Əlizadənin "Al çuxa", "Bayatılar", Frans Şubertin "Ave Mariya", Səid Rüstəmovun "Alagöz", Üzeyir Hacıbəylinin "Ey, Vətən!", habelə "Aman ovçu" və "Güləbatın" xalq mahnıları daxil idi.
Azərbaycan Televiziyası və Radiosunun Xoru 1936-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılmışdır. Kollektivin ilk bədii rəhbəri Cahangir Cahangirov olmuşdur. İlk dövrlərdə kollektivin repertuarı xalq mahnılarının xor üçün işləmələrindən ibarət idi. İndi isə xorun repertuarı Azərbaycan bəstəkarları və dünya klassiklərinin əsərləri ilə zənginləşmişdir.
Xor kollektivinin çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
Sonda kollektivə Şəki
Şəhər İcra Hakimiyyətinin
xatirə hədiyyəsi təqdim olunmuşdur.
Azərbaycan.- 2012.- 4 iyul.- S. 7.