Dahi Nizaminin memarlıq düşüncələri

 

 Orta əsrlərdə dünya intibah ədəbiyyatı və mədəniyyətinin banilərindən biri - şair, filosof şeyx Nizami Gəncəvinin bu il anadan olmasının 870 ili tamam oldu. Azərbaycanın qədim bir guşəsində - Gəncədə doğulan Nizami adlı günəşin şəfəqləri bütün Yer üzünü bürüdü. Bu Günəşə şərik çıxanlar çox olsa da, dünyanın möhtəşəm kitabxanalarında onun kimliyi yanlışlıqlara məruz qalsa da, həqiqətin bir üzü var. Yəni, Nizami bütün şəcərəsi ilə gəncəli olaraq da qaldı. Onun doğumu da, dünyasını dəyişməsi də elə bu torpaqla bağlıdır. Əsrlərdir ki, bu dahi şairin məqbərəsi məhz doğma yurdunda onu sevənlərin ziyarətgahına çevrilib.

Memarlıq doktoru, əməkdar memar Nəriman Əliyevin bu yaxınlarda çapdan çıxan "Nizami Gəncəvinin memarlıq düşüncələri" kitabında müəllif ilk dəfə olaraq şairin memarlıq və şəhərsalma düşüncələrini araşdırmışdır. Öz əsərləri ilə dünya söz sənətində silinməz izlər naxışlayan Nizami Gəncəvinin təbabət, etnoqrafiya, musiqi, dekorativ-tətbiqi sənət və başqa sahələr haqqında fikirləri bəllidir. Məhz ilk dəfə bu kitabda böyük şairin memarlıq məsələləri ilə əlaqədar söylədikləri oxuculara təqdim edilib.

"Ön söz"də müəllif bildirir ki, Nizaminin yaşadığı dövrdə öz adını, qiymətli memarlıq abidələrində əbədiləşdirən ustad memarlar yaşayıb yaratmışlar. Həqiqətən də təkcə XII əsrdə dünya memarlığında təkrar olunmayan dəst-xətti ilə seçilən Əcəmi Əbubəkr oğlu Naxçıvanini xatırlamaq bəs edər ki, o dövrün Azərbaycan memarlığı haqqında təsəvvür yaransın. Müəllif "Xəmsə"ni diqqətlə araşdırıb. Nəticədə dahi şairin memarlığa aid fikirləri bir yerə toplanaraq sanki bu sənət haqqında mükəmməl bir bilgiyə çevrilmişdir.

Nizaminin birinci böyük əsəri "Sirlər xəzinəsi"dir. Müəllifə görə, Nizami bu əsərində memarlığa elə böyük yer verməsə , dolayısı ilə bu sənətin əsaslarına aid dərin fikirlərə rast gəlinir. Nizamiyə görə, memarlıq ilk növbədə cəmiyyətin maddi vəziyyətindən asılıdır. Həqiqətən memarlıq əsərinin yaranması üçün "birinci vacib şərt insanların firavan yaşaması, onların yüksək maddi imkanlarının olmasıdır" (Nəriman Əliyev).

Əsərdə "Kərpickəsən qocanın hekayəsi"ndən çəkilən nümunəyə diqqətlə fikir verək. Bir gənc minbir əziyyətlə kərpickəsəndən soruşur: "Bu əzab-zillətdir çəkirsən?

 

 Kəsəklərlə özünə qədər əziyyət

verəcəksən,

Torpaq su ilə qədər

qurdalanacaqsan?"

 

Qoca ona belə cavab verdi:

 

"Cavanlığına salma,

Mənim işimlə işin olmasın,

məni incitmə,

Kərpic kəsmək qocaların sənətidir.

Yük daşımaq əsirlərin işidir".

 

"Xosrov Şirin" əsərində isə Nizami memar, mühəndis, rəssam, heykəltəraş Fərhadın obrazını yaradıb. O, təkcə aşiq deyil, həm istedadlı bir memar kimi təqdim edilib. Nizaminin bu əsərində memarlıqla bağlı fikirləri daha çoxdur. Xüsusilə qəhrəmanının sənətini böyük vəcdlə tərənnüm edib:

 

Sənəti ilə qızılgülə rəng vurar,

Dəmirlə daşda Çin naxışı qazar.

Sənətinə görə bütün Rum onun

əlini öpər.

 

Müəllif yazır ki, Nizaminin bu əsərində bugünkü memarlığımız üçün maraqlı, lakin qapalı görünən sözlər var. Bu sözlər ölçü vahidi kimi götürülmüş meydan meydança anlayışlarıdır. Məsələn, "Başı göylərə ucalmış bir saray idi, eni-uzunu iki meydança idi"; "Gəbədən, kilimdən yol üstünə bir meydan böyüklükdə xalı döşədi". Yəqin ki, bu çalarlar da tədqiqatçıların diqqətini cəlb edəcək. Müəllif bir maraqlı məsələyə toxunur ki, Nizaminin əsərlərində, xüsusilə "Yeddi gözəl"də Şərq memarlığının məkanqurma prinsiplərindən, tikililərin həcmi kompozisiyalarından da söz açılır. Nizami binaları, tacları qalaları uca, yüksək görmək istəyib. Bu gün ucalan göydələnlər Nizaminin XII əsrdə düşündüklərinin əksidir. Məsələn: "Başı Aya ucalan bir minarə, onun zirvəsinə baxanda papağım düşdü". Eləcə "7" rəqəmi Nizami Gəncəvi üçün xüsusi önəm daşıyıb. Şübhəsiz ki, şairin bu rəqəm üzərində dayanması təsadüfi deyildi. Müəllif yazır: "Bu rəqəmlə heyrətamiz mücərrəd təxəyyülün sintezi olan zərif  simbiotik ümumiləşmə yaradır - yeddi planet, göyün yeddinci qatı, yeddi gümbəz, yeddi rəng, yeddi gözəl, yeddi ibrətamiz hekayə".

Kitaba Nizaminin "Xəmsə"si ilə əlaqədar müxtəlif illərdə çəkilmiş miniatürlər salınmışdır. Dahi Azərbaycan şairinə həsr olunan belə bir kitabın çapı təqdirəlayiqdir. Əməkdar memar Nəriman Əliyevin Nizami yaradıcılığı ilə bağlı apardığı araşdırma məqbuldur. Təəssüf ki, belə bir gərəkli kitab bəzi nöqsanlardan da xali deyildir. Texniki baxımdan uğurlu formatda çap edilməyib. Arada bir çox səhifələr yoxdur. Məsələn, 30-cu səhifədən sonra 47 gəlir. "Leyli Məcnun" əsəri bütövlükdə kitaba düşməyib. Halbuki müəllif onu da araşdırıb. "Yeddi gözəl" əsəri yarımçıqdır. Mündəricat da hazırlanmayıb.

Müəllifin söylədikləri ürəyimizdən xəbər verir ki, dahi Nizaminin memarlıqla əlaqədar fikirləri bu gün şəhərsalma memarlıqda istifadə oluna bilər. Həqiqətən Nizami yaradıcılığı bütün dövrlər üçün aktualdır.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 4 iyul.- S. 8.