Heydər Əliyev. Müstəqilliyimiz əbədidir çoxcildliyinin 39-cu cildi çapdan çıxmışdır

 

 "Nizaminin ürəkləri vəcdə gətirən  təkrarolunmaz lirikası və qəhrəmanlıq eposunda onun həqiqi humanizm ideyalarını ehtiva edən fəlsəfi konsepsiyası öz əksini tapmışdır. Məhəbbətin yenilməz qüdrəti, həyatın və ölümün mənası, ideal cəmiyyət, dünyanın və kainatın möhtəşəm sirləri haqqında yaratdığı poemalar əsrlər boyu Şərqdə əsl sənət nümunəsi olaraq qalmışdır. Onun poemalarının xüsusiyyətləri və yaratdığı poetik obrazların dərinliyi Qərbin dahi Höte kimi mütəfəkkirini heyran qoymuşdur".

AzərTAc xəbər verir ki, bu sətirlər "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin "Azərnəşr" tərəfindən yenicə çapdan buraxılmış 39-cu cildindən - Prezident Heydər Əliyevin 2002-ci il iyunun 9-da Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin təntənəli açılış mərasimdəki nitqindən götürülmüşdür.

Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.

Çoxcildliyin 39-cu cildində ulu öndər Heydər Əliyevin respublikamızın sürətli iqtisadi tərəqqisi və yüksəlişi, xalqımızın rifahının yaxşılaşdırılması naminə keçirdiyi görüşlərdə səsləndirdiyi fikir və tövsiyələr öz əksini tapmışdır. Kitabda ümummilli lider Heydər Əliyevin "Xəzərneftqaz-2002" IX Beynəlxalq sərgi-konfransdakı nitqi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü,  ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan diasporunun nümayəndələri ilə danışıqları, həmçinin Dağlıq Qarabağ, Xəzər dənizinin statusu məsələlərinə aid ölkəmizin prinsipial mövqeyini əks etdirən sənədlər yer almışdır.

Kitabda ümummilli lider Heydər Əliyevin Naxçıvana səfəri zamanı "N" saylı hərbi hissənin şəxsi heyəti və şəhər sakinləri ilə görüşləri, Olimpiya İdman Kompleksinin, Bəhruz Kəngərli muzeyinin açılış mərasimlərindəki, Naxçıvan MR-in Ali Məclisindəki nitq və çıxışları da öz əksini tapmışdır.

Bu cilddə həmçinin ulu öndər Heydər Əliyevin İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 10 illiyi ilə əlaqədar bu quruma üzv ölkələrin dövlət başçılarının zirvə görüşündə dövlət və hökumət nümayəndələri ilə apardığı danışıqları, bəyanat və müsahibələri, Türkiyə Prezidenti Əhməd Necdət Sezərlə, İstanbul, AnkaraQarsda nüfuzlu dairələrin nümayəndələri ilə görüşlərindəki nitqləri, rəmzi olaraq "Üç dənizin əfsanəsi" (Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi) adlandırılan konfransdakı çıxışı və ayrı-ayrı dövlət və hökumət başçılarına ünvanladığı məktublar toplanmışdır.

Əvvəlki cildlərdə olduğu kimi, 39-cu cilddə də ümummilli lider Heydər Əliyevin keçirdiyi görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı prinsipial mövqeyinə dair materiallar kitabda yer almışdır.

Kitabda əks olunan rəsmi sənədlər, çıxışlar, müsahibələr, fərmanlar, müraciətlər, bəyanatlar, məktublar, məruzələr 2002-ci ilin iyunundan iyulunadək olan dövrü əhatə edir.

"Azərnəşr" tərəfindən çap olunan çoxcildliyin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 3 iyul.- S. 2.