Almaniyanın “Die Welt” qəzetində “Eurovision-2012” mahnı
müsabiqəsinə həsr olunmuş “Bakı
üçün səhnə” sərlövhəli
məqalə dərc edilmişdir
Almaniyanın "Die Welt" qəzetində "Bakı üçün səhnə" sərlövhəli məqalə dərc olunmuşdur.
Məqalənin müəllifi alman jurnalist Holqer Kraytlinq "Eurovision-2012" mahnı müsabiqəsi, Azərbaycan və Bakı haqqında təəssüratlarını oxucularla bölüşür.
Müəllif qeyd edir ki, Azərbaycanda əlverişli sərmayə mühiti yaradılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Qərb iş adamlarında bu ölkəyə marağı artırmışdır. Paytaxt Bakı bu şəhərin qonaqlarında xoş təəssürat yaradır. Burada hər addımda Şərq ilə Qərbin vəhdətini görmək olar. Şəhərin gecələri gündüzlərindən gözəldir. Dənizkənarı Milli Park gecə-gündüz insanlarla dolu olur, şəhər yaşıllıqla zəngindir, yaşlılar və uşaqlar parklarda gəzirlər. İnsanların geyim-kecimi, əhval-ruhiyyəsi bu ölkənin firavanlığından xəbər verir. Azərbaycan, sözün həqiqi mənasında, tolerant ölkədir. Burada bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində yaşayıb işləyir. Ölkədə Qərb mədəniyyətinə güclü meyil vardır. Burada gənclər milli musiqi ilə bərabər Qərb musiqisini də sevirlər.
Məqalənin sonunda müəllif qeyd edir ki, Azərbaycan İranın birbaşa qonşuluğunda yerləşir. Bu müsəlman ölkələri arasında olduqca böyük fərq vardır. İran Azərbaycanı "Eurovision" mahnı müsabiqəsinə getməklə islami dəyərlərə hörmətsizlikdə təqsirləndirmişdir. Dünyəvi dövlət olan Azərbaycan qonşusunun bu münasibətinə qəti etirazını bildirmiş, mahnı yarışmasını yüksək səviyyədə keçirmişdir.
Müəllif xüsusi vurğulayır ki, Bakını ziyarət edənlər burada yüksək səmimiyyətin və qonaqpərvərliyin şahidi oldular.
Vüqar
SEYİDOV
Azərbaycan.- 2012.- 3 iyun.- S. 6.