Almaniyanın Frankfurter Allgemeine Zeitung qəzetindəki Qafqazda çətinlikləradlı yazıda Azərbaycan həqiqətlərindən söhbət açılır

 

Almaniyanın "Frankfurter Allgemeine Zeitung" qəzetində dərc olunmuş "Qafqazda çətinliklər" sərlövhəli  məqalədə alman jurnalist Mixael Lüdviq Azərbaycanın xarici siyasəti və regional vəziyyətində mövcud çətinlikləri və onların ölkənin daxili vəziyyətinə mümkün təsirlərini təhlil edir.

Məqalənin əvvəlində qeyd olunur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin beşdə bir hissəsi - Dağlıq Qarabağ regionuonun ətrafındakı yeddi rayon erməni işğalı altındadır. Azərbaycan öz eksklavı olan Naxçıvan bölgəsi ilə yalnız hava nəqliyyatı və İran ərazisindən quru yolla əlaqə saxlaya bilir. Azərbaycanın müsəlman qonşuları və regionda güc mərkəzinə çevrilmək istəyən Türkiyə və İran bu münaqişə ilə bağlı məsələdə fərqli mövqeyə malikdirlər. Türkiyə Azərbaycan ilə həmrəylik nümayiş etdirərək Ermənistanla sərhədlərini bağladığı halda, İran ikitərəfli siyasət yürüdür. Bir tərəfdən İran Naxçıvan bölgəsinin təminatına yardım göstərmiş, digər tərəfdən isə Ermənistanla sərhədi açıq saxlayaraq bu ölkəyə hər cür yardım göstərir.

Yazıda bildirilir ki, son vaxtlar Azərbaycan ilə İranın münasibətlərində gərginlik yaşanmışdır. Bir müddət əvvəl Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında ruhanilərin Bakıda "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi əleyhinə etiraz aksiyası təşkil olunmuş, Azərbaycan barədə heç bir əsası olmayan tənqidlər səsləndirilmiş, bu ölkə "şeytanlarla əlaqə qurmaq"da ittiham olunmuşdur.

İranın "şeytanlar" dedikdə ABŞ-ı və İsraili nəzərdə tutduğunu yazan müəllif qeyd edir ki, Azərbaycan bütün bunları haqlı olaraq Cənub qonşusunun ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirir.

Məqalədə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovdan sitat gətirilir: "Tehran Azərbaycandan tələb edir ki, yalnız İranın dostu olan ölkələrlə yaxşı münasibətlər saxlasın, Amerika və İsraillə əlaqələri isə kəssin. Rəsmi Bakı üçün bu, qəbuledilməzdir, çünki bizim xarici siyasətimiz yalnız milli maraqlarımıza söykənir".

Məqalədə qeyd olunur ki, Azərbaycanda liberal ziyalılar İranın əli ilə dini fundamentalizmin güclənəcəyindən ehtiyat edirlər. Azərbaycan tərəfi İranın sifarişi ilə Bakıda İsrail və ABŞ səfirliklərinə terror hücumları planlaşdıran qruplaşmanı aşkara çıxararaq həbs etmişdir. İran teokratiyasını tənqid edən mərhum publisist Rafiq Tağının ölümünə İranda bir ayətullah fətva vermişdir. İranın "Azadlıq fədailəri" haker qrupu "Eurovision" mahnı müsabiqəsi ilə bağlı Azərbaycan saytlarına hücumlar etmişdir. Azərbaycan müxalifəti isə, əslində, dünyəvilik tərəfdarı olmasına baxmayaraq, dini fundamentalizmin qarşısını almaq üçün ölkənin milli maraqları ətrafında birləşmək istəmir. Onlar iqtidara qarşı mübarizədə kiminlə desən, müttəfiqlik etməyə hazırdırlar.

 

 

Vüqar SEYİDOV

 

Azərbaycan.- 2012.- 3 iyun.- S. 7.