Ukraynada Azərbaycan
Mədəniyyəti Günlərinin təntənəli
açılışı olmuşdur
T.Q.Şevçenko adına Ukrayna Milli Opera və Balet Teatrında bu ölkədə Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılışı olmuşdur. Açılış mərasimində Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Ukrayna mədəniyyət və turizm nazirinin müavini Timofey Koxan çıxış etmişlər.
Nazir Əbülfəs Qarayev bildirmişdir ki, Azərbaycan ilə Ukrayna arasında hələ qədimdən səmimi dostluq münasibətləri, bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində sıx tərəfdaşlıq əlaqələri mövcuddur. O xatırlatmışdır ki, 2009-cu ildə Ukraynada Azərbaycan Mədəniyyəti Günləri böyük uğurla keçmişdir. Nazir demişdir: "Bu gözəl ənənənin davamı kimi biz yenidən Ukraynanın qonağıyıq". Ə.Qarayev vurğulamışdır ki, bu dəfə mədəniyyət günlərində musiqi kollektivləri ilə yanaşı, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi də iştirak edir. Teatr Kiyevdə, sonra Odessada Azərbaycan milli dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" əsəri əsasında səhnələşdirilmiş tamaşanı nümayiş etdirəcəkdir.
Tamaşa M.F.Axundzadənin anadan olmasının 200 illiyinə həsr olunmuşdur. Ə.Qarayev Azərbaycan Mədəniyyəti Günlərinin təşkilinə görə Ukrayna Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirmişdir.
Ukrayna mədəniyyət və turizm nazirinin müavini Timofey Koxan iki ölkə arasında qarşılıqlı əlaqələri, o cümlədən strateji tərəfdaşlığın mədəni tərkibini yüksək qiymətləndirmişdir. Nazir müavini Azərbaycan diasporunun Ukraynanın ictimai-siyasi həyatında fəal rolunu diqqətə çatdırmışdır.
Rəsmi hissədən sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə böyük konsert olmuşdur. Konsert Dövlət mahnı və rəqs ansamblının ifasında "Cəngi" rəqsi ilə başlanmışdır.
Konsertdə muğam ustaları, rəqqaslar çıxış etmişlər.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Ukraynanın rəsmi şəxsləri, xarici ölkələrin diplomatik nümayəndəliklərinin, beynəlxalq təşkilatların rəhbərləri, Azərbaycan diasporunun üzvləri və jurnalistlər konsertdə olmuşlar.
Teatrın foyesində "Azərbaycan: ənənələr və müasirlik sərhədində" adlı fotosərgi açılmış, Azərbaycanın turizm potensialının təqdimatı olmuşdur.
Zeynal AĞAZADƏ
Azərbaycan.- 2012.- 3 iyun.- S. 7.