Azərbaycan Prezidenti İlham Əliyev Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunyeni qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunyeni qəbul etmişdir.

Nazir Gilbert Saboya Sunye Andorra hökuməti adından Azərbaycana ilk rəsmi səfərə gəlməsindən şərəf hissi keçirdiyini dedi. O, Azərbaycanı yaxından tanımaq və Andorranın ölkəmizdə tanınması baxımından bu səfərin yaxşı imkan yaratdığını bildirdi. Xalqlarımızın qədim tarixə malik olduğunu vurğulayan Gilbert Saboya Sunye Azərbaycanın yaxşı inkişaf perspektivlərinin olduğunu qeyd etdi.

Prezident İlham Əliyev ölkələrimizin bir-birini yaxından tanıması üçün bu cür səfərlərin bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı səfər zamanı ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yaradılması ilə bağlı imkanların müzakirə ediləcəyinə ümidvar olduğunu bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 5 iyun.- S. 1.