İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın haqq səsini bundan sonra da dəstəkləyəcək

 

 "Bu gün Azərbaycan İslam dünyasının ən parlaq ulduzudur. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bu ölkənin problemlərinə hər zaman həssaslıqla yanaşmış, Azərbaycana edilən təcavüzə, zorakılığa qarşı qətiyyətlə çıxış etmişdir. Bu siyasət bundan sonra da davam edəcək".

Bu sözləri İƏT-in Azərbaycanda səfərdə olan baş katibi Ekmeleddin İhsanoğlu dünən Milli Məclisin Sədri Oqtay Əsədovla görüşdə söyləyib.

Oqtay Əsədov bildirib ki, İƏT ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin ən üstün istiqamətidir: "Biz bilirik ki, İƏT Azərbaycanın haqq səsini daim dəstəkləyir. BMT-nin 62-ci sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədin qabulunda İƏT-ə üzv ölkələrin bizə verdiyi dəstək bunu sübut edir. Bununla yanaşı Xocalı soyqırımı ilə bağlı görülən işlər, "Xocalıya ədalət" kampaniyasına verilən dəstək, təşkilatın bu ilin yanvar ayında keçirilmiş sessiyasında Xocalı soyqırımının tanınması ilə bağlı İƏT üzvü olan ölkələrin parlamentlərinə tövsiyələr tərəfimizdən yüksək qiymətləndirilib".

Milli Məclisin Sədri bildirib ki, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bu isə Azərbaycanla İƏT arasında olan əlaqələrin inkişafına yeni impuls verib. Azərbaycan Milli Məclisi də bu əlaqələrin möhkəmlənməsinə çalışır və İƏT-in qəbul etdiyi qərar və qətnamələri dəstəkləyir.

Ölkəmizə səfərindən məmnun qaldığını söyləyən  E.İhsanoğlu isə deyib ki, Azərbaycan ilə İƏT arasında əlaqələrin inkişafı onun İslam dünyasında daha çox tanınmasında mühüm rol oynayır.  Xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevin bu əlaqələrə verdiyi yüksək qiymət hər iki tərəfin fəaliyyətinin daha da genişlənməsinə təkan verib.

E.İhsanoğlu onu da bildirib ki, İƏT Azərbaycanın haqq səsini bundan sonra da dəstəkləyəcək, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həssaslıqla yanaşacaq. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 5 iyun.- S. 3.