Azərbaycanla Andorra Knyazlığı arasında
iqtisadi-ticarət dövriyyəsi genişlənəcək
İyunun 4-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunye ilə görüşüb.
Görüşdə Oqtay Əsədov bildirib ki Azərbaycan ilə Andorra arasında diplomatik münasibətlər yarandıqdan sonra bu, ölkələrimiz arasında yüksək səviyyəli ilk səfərdir və bu münasibət əlaqələrin inkişafına təkan verəcək.
Andorranın iş adamlarının Azərbaycana səfərə gəlmələri və Bakıda biznes-forumun təşkili ölkələrimiz arasında iqtisadi-ticarət dövriyyəsinin genişlənməsində mühüm rol oynayacağını söyləyən Oqtay Əsədov qeyd edib ki, Azərbaycan regionun ən çox inkişaf edən ölkəsidir. Cənubi Qafqazda istehsal olunan ümumi daxili məhsulun 80 faizi Azərbaycanın payına düşür: "Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin həcmi ilbəil artır. Ona görə də hesab edirik ki, Andorra iş adamlarının səfərləri də səmərəli olacaq".
Milli Məclisin Sədri Andorranın müvafiq dairələri ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında imzalanmış müqavilənin də əhəmiyyətini xüsusi qeyd edib.
Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi vurğulayan O.Əsədov diqqətə çatdırıb ki, qanunverici orqanlar arasında münasibətlərin daha da genişlənməsi üçün böyük imkanlar var.
Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, problemlə bağlı BMT TŞ, Avropa Şurası Parlament Assambleyası, ATƏT və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələri, Ermənistanın qeyri-konstruktiv mövqeyini qonağın diqqətinə çatdırıb. Spiker Andorranın da bu münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəyinə ümidvar olduğunu bildirib.
Gilbert Saboya Sunye isə öz növbəsində deyib ki, Azərbaycan həqiqətən də inkişaf edən ölkədir və hər iki ölkənin hərtərəfli inkişafı üçün geniş imkanlar var. Dövlətlərarası münasibətlərin möhkəmlənməsində parlamentlərin rolunu xüsusi vurğulayan nazir deyib ki, deputatlarımızın beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq etmələri təqdirəlayiqdir: "Andorra bu ilin noyabr ayından gələn ilin may ayınadək Avropa Şurasına sədrlik edəcək. Ümid edirik ki, bu təşkilat çərçivəsində əməkdaşlığımız qarşıya qoyduğumuz məqsədlərə çatmaqda bizə yardımçı olacaq".
Andorranın xarici siyasət idarəsinin rəhbəri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdar olduğunu bildirmişdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2012.- 5 iyun.- S. 3.