Ekmələddin İhsanoğlu: “Azərbaycan
islam dünyasının parıldayan
ulduzlarından biridir”
İyunun 4-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Təzəpir məscid kompleksində olmuşdur.
AzərTAc xəbər verir ki, Təzəpir məscidi ilə tanışlıq zamanı qonağa Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsinin hazırlanması barədə məlumat verilmişdir. Vurğulanmışdır ki, həmin layihə əsasında burada onun ilkin görkəminə qaytarılması məqsədi ilə əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi əksini tapmışdır. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunmuşdur. Təzəpir məscidinin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir.
Bildirilmişdir ki, kompleksdə Bakı İslam Universitetinin tədris korpusu yerləşir. Korpusun hər mərtəbəsində 10 sinif otağı olmaqla 250 tələbənin təhsil alması üçün hər cür şərait yaradılmışdır.
Ekmələddin İhsanoğlunun başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası, konfrans zalı ilə də tanış olmuşdur. Kitabxanada 6 min nüsxə nadir əlyazmanın mövcudluğu haqqında ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, kitabxananın bir hissəsində dini verilişlərin hazırlanması üçün mini studiya yerləşir.
Komplekslə tanışlıqdan sonra Ekmələddin İhsanoğlu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşmüşdür.
Milli Məclisin deputatlarının, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının üzvlərinin iştirak etdikləri görüşdə əməkdaşlıq əlaqələri, dini məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
A.Paşazadə Azərbaycanın tolerant ölkə kimi dünyada tanınmasında dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin rolunu xüsusi vurğulamış, hazırda Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini söyləmişdir.
A.Paşazadə Azərbaycan ilə İƏT arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə etmiş, bu əlaqələrin inkişaf perspektivlərindən söhbət açmışdır. QMİ-nin sədri Ekmələddin İhsanoğlunun Azərbaycana səmimi münasibətindən razılıq hissi ilə bəhs etmiş, İƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu ədalətli mövqeyə görə minnətdarlığını bildirmişdir.
Görüşdə həmçinin A.Paşazadə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədri Elşad İsgəndərovu qonaqlara təqdim etmiş və ona bu vəzifədə uğurlar arzulamışdır.
Bakıda olmasından məmnunluğunu bildirən Ekmələddin İhsanoğlu Azərbaycan ilə İƏT arasında əlaqələrin inkişafının əhəmiyyətindən danışmışdır. O demişdir ki, ölkəniz dinə yüksək qiymət verir. Təzəpir məscid kompleksi bunun bariz nümunəsidir. Komplekslə tanışlıq məni heyran etdi. Azərbaycan islam dünyasının parıldayan ulduzlarından biridir. Ölkəniz inkişaf edir və bunu bütün dünya görür.
Sonda
qarşılıqlı xatirə hədiyyələri təqdim
edilmişdir.
Azərbaycan.- 2012.- 5 iyun.- S. 4.