Azərbaycanda rəsmi
səfərdə olan Andorranın xarici işlər naziri Dövlət
Bayrağı Meydanından zəngin təəssüratla
ayrılmışdır
Azərbaycanda rəsmi səfərdə olan Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunyenin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 4-də Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur.
Qonaqlara məlumat verilmişdir ki, meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır.
Andorralı nazir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə meydanda səkkizguşəli ulduz formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə də tanış olmuşdur.
Bildirilmişdir ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər nümayiş olunur. Burada həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş etdirilir.
G.Saboya Sunye Dövlət Bayrağı Meydanından zəngin təəssüratla ayrılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 5 iyun.- S. 4.