Andorra Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır

 

 AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunye ilə görüşmüşdür.

E.Məmmədyarov andorralı həmkarının Azərbaycana səfərini yüksək qiymətləndirərək bildirmişdir ki, bu, ölkələrimiz arasında münasibətlərin inkişafına töhfəsini verəcəkdir.

Azərbaycana səfər etməkdən böyük məmnunluq hissi keçirdiyini deyən G.Sunye ölkəsi haqqında ətraflı məlumat vermişdir. Ölkələrimiz arasında diplomatik münasibətlərin uğurla inkişaf etdiyini qeyd edən andorralı nazir vurğulamışdır ki, Andorra Knyazlığı Azərbaycan  Respublikası ilə bir çox istiqamətlərdə, o cümlədən turizm və təhsil sahələrində əməkdaşlıq etməkdə maraqlıdır.

 

 

Azərbaycan.- 2012.- 5 iyun.- S. 4.