ABŞ-ın “The Washington
Times” qəzeti: “Eurovision-2012” mahnı
müsabiqəsi gündən günə dəyişən Azərbaycana
işıq saçır
ABŞ-ın nüfuzlu "The Washington Times" qəzetində Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanovun müsahibəsi dərc olunmuşdur.
Müsahibədə E.Süleymanov bildirmişdir ki, ötən ay Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi etməsi əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi bu keçmiş sovet respublikasının kommunizm dövründən nə qədər uzaqlaşdığını nümayiş etdirdi.
Diplomat qeyd etmişdir ki, dünyanın ən çox izlənilən bu müsabiqəsinin Bakıda keçirilməsini gözü götürməyənlər də oldu. Müsabiqənin keçiriləcəyi zaman partlayışlar törətməyi planlaşdırmaqda şübhəli bilinən 40 terrorçu həbs edilmişdir.
Çox təəccüblüdür ki, islamofoblar və antisemitizmin tərəfdarları Azərbaycana təzyiq etmək istəyirlər. İran ruhaniləri "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi etdiyi üçün Azərbaycanı homoseksualların ölkəyə gəlməsinə şərait yaratmaqda təqsirləndirmişdir. Lakin Xəzər dənizi sahilində yerləşən, enerji resursları ilə zəngin bu ölkə bütün qeyd olunan problemlərin öhdəsindən layiqincə gəldi və yəqin ki, ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycana səfəri zamanı bu məsələləri təqdir edəcəkdir.
Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşdiyini deyən səfir vurğulamışdır ki, Sovet İttifaqı dağılandan bəri ölkəmiz Ermənistan ilə müharibə vəziyyətindədir. İran uzun müddətdir ki, Ermənistanı dəstəkləyir, baxmayaraq ki, bu ölkənin əhalisini xristianlar təşkil edir. Azərbaycanın İsrail ilə müttəfiqlik münasibəti İranı daha da qıcıqlandırır. Azərbaycan İsrailin neftə olan tələbatının 40 faizini təmin etdiyi halda, bu ölkənin bəzi dairələri rəsmi Bakını İsrail üçün "Troyan atı" rolunu oynamaqda təqsirləndirir.
E.Süleymanov bildirir ki, rəsmi Vaşinqton terrorizm və radikalizmdən uzaq bir region görmək istəyir. Elə bizim də istədiyimiz budur. Şərq və Qərb sivilizasiyalarının nümayəndələrinin sülh şəraitində yaşadığı Azərbaycan tolerantlıq nümunəsidir və ümumbəşəri dəyərlərə sadiqdir.
Azərbaycanın ABŞ-ın enerji maraqlarının təminində də böyük rolu olduğunu deyən E.Süleymanov Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəmərini Sovet İttifaqı dağıldıqdan sonra rəsmi Vaşinqtonun regionda ən böyük uğuru adlandırmışdır. Yəqin ki, xanım Klinton səfəri zamanı Azərbaycan ilə ABŞ arasındakı enerji əməkdaşlığını da təqdir edəcəkdir.
Azərbaycanda mətbuat azadlığının pozulması ilə bağlı yayılan məlumatların qətiyyən həqiqəti əks etdirmədiyini bildirən diplomat qeyd etmişdir ki, Azərbaycan hökuməti jurnalist Xədicə İsmayılovanın şəxsi həyatına müdaxiləni kəskin şəkildə pislədiyini bəyan etmişdir.
Səfir vurğulamışdır ki, Azərbaycan əhalisinin güzəranı gündən-günə daha da yaxşılaşır. Nəzərə almaq lazımdır ki, biz Sovet İttifaqı dövründə demokratik ənənələri olmayan bir totalitar cəmiyyətdən gəlmişik.
AzərTAc
Azərbaycan.- 2012.- 5 iyun.- S. 4.