Bakıda Azərbaycan və UNESCO-20 il: davamlı inkişaf naminə təhsil mövzusunda tədbir keçirilmişdir

 

İyunun 4-də "Hilton-Baku" hotelində  "Azərbaycan və UNESCO-20 il: davamlı inkişaf naminə təhsil"  mövzusunda  konfrans  keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir AMEA-nın İnsan Hüquqları İnstitutu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və UNESCO-nun bioetika kafedrasının Azərbaycan bürosu tərəfindən birgə təşkil olunmuşdur.

AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva konfransın əhəmiyyətindən söz açaraq bildirmişdir ki, Azərbaycan dövləti beynəlxalq təşkilatlarla , o cümlədən BMT ilə  əməkdaşlığa xüsusi diqqət yetirir. Bugünkü tədbir məhz UNESCO-Azərbaycan münasibətlərinin 20 illiyinə həsr olunmuşdur. UNESCO-nun elmin, təhsilin inkişafına böyük diqqət göstərməsindən  bəhs edən   A.Mustafayeva qeyd etmişdir ki, bu, təşkilatın fəaliyyətində prioritet istiqamətlərdən biridir.

"UNESCO-nun insan hüquqları sahəsində Azərbaycanla əməkdaşlığı"  mövzusunda  məruzəsində A.Mustafayeva Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə   təsdiq olunmuş  "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"ndan irəli gələn vəzifələrin vacibliyindən danışmışdır.

Vurğulanmışdır ki,   ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə gəldikdən sonra ölkədə bütün sahələrdə olduğu kimi, insan hüquqları sahəsində də əsaslı islahatlara başlanmışdır. Respublika rəhbərliyi əsas insan hüquq və azadlıqlarının qorunması istiqamətində ölkədaxili islahatların aparılması ilə yanaşı,  milli qanunvericiliyin  beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, insan hüquqlarının müdafiəsində dünyaAvropa standartlarının təmin olunması məqsədi ilə nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq yolu tutmuşdur. Bu cür ikitərəfli əməkdaşlıq ilk növbədə, BMT qurumları, o cümlədən UNESCO ilə yaradılmışdır. Artıq 20 illik dövrü əhatə edən UNESCO- Azərbaycan əlaqələri getdikcə daha da genişlənir, müxtəlif istiqamətləri əhatə edir.

İkitərəfli əlaqələrdə insan hüquqlarına böyük  önəm verildiyini diqqətə çatdıran   A.Mustafayeva demişdir ki, bu sahəyə  həsr olunan və birgə fəaliyyət çərçivəsində təşkil edilən tədbirlər bundan sonra da insan hüquqlarının müxtəlif problemlərinin həlli ilə məşğul olacaqdır.

Konfransda "UNESCO- Azərbaycan-20 il. Əməkdaşlığın inkişafı" mövzusunda məruzə  ilə çıxış edən  UNESCO üzrə  Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva   bildirmişdir ki, son illər bu təşkilat bütün dünyada fəaliyyətini daha da genişləndirmiş, bununla əlaqədar yeni fəaliyyət planlarının icrasına başlanmışdır. UNESCO ilə ölkəmiz arasında yaranan ikitərəfli əlaqələrə toxunan G.Əfəndiyeva demişdir ki,  təməli 20 il əvvəl- Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində  qoyulmuş bu əməkdaşlıq dinamik sürətlə inkişaf edir. Həmin  dövr ərzində Azərbaycan Milli Komissiyası təşkilatın prioritet sahələri üzrə intensiv fəaliyyət göstərmiş, bir sıra əhəmiyyətli layihələr həyata keçirilmiş, UNESCO tərəfindən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileyləri təşkil olunmuşdur.

Tədbirdə UNESCO-nun Moskva bürosunun sosialhumanitar elmlər proqramı üzrə mütəxəssisi Alla Amparın "UNESCO-nun Moskva bürosu və UNESCO üzrə  Azərbaycan Milli Komissiyası arasında sosialhumanitar elmlər sahəsində əməkdaşlıq", AMEA İnsan Hüquqları İnstitutu direktorunun müavini, UNESCO-nun bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri Vüqar Məmmədovun "UNESCO-nun "Davamlı inkişaf naminə təhsil" onilliyi çərçivəsində Azərbaycanda bioetikanın inkişafı" mövzularında məruzələri dinlənilmişdir.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili  Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova UNESCO ilə əməkdaşlığın əhəmiyyətindən  danışmışlar.

Sonra   UNESCO-nun Bioetika Baza Tədris Proqramının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilmiş, ötən il  təşkilatın  Beynəlxalq Bioetika Komitəsinin Bakıda keçirilmiş 18-ci sessiyasının işində fəal iştirak etmiş bir qrup şəxsə  sertifikatlar  təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 5 iyun.- S. 4.