Azərbaycanın
nümayəndəsi UNESCO-nun qeyri-maddi mədəni irsin
qorunması haqqında 2003-cü il
Konvensiyasının iştirakçı dövlətlərinin
Baş Məclisinin dördüncü
sessiyasının prezidenti seçilmişdir
Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, iyunun 4-də Parisdə keçirilən UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Məclisinin dördüncü sessiyası öz işinə başlamışdır.
Sessiyada ölkəmizi Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Eleonora Hüseynova, nümayəndəliyin müşaviri Anar Kərimov, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə, respublikamızın UNESCO üzrə Milli Komissiyanın nümayəndəsi Leyla Hacıyeva və ekspert-musiqişünas Sənubər Bağırova təmsil edirlər.
Dördüncü sessiyanın açılışında prezident, beş vitse-prezident və məruzəçidən ibarət iclasın bürosu seçilmişdir. Ölkəmizin təmsil etdiyi ikinci seçki qrupunun üzvləri tərəfindən Baş Məclisinin prezidenti vəzifəsinə Eleonora Hüseynovanın namizədliyi irəli sürülmüşdür. Serbiya, Burkina-Faso, Bolqarıstan, Macarıstan, Qazaxıstan, Özbəkistan və digər ölkələrin nümayəndələri Azərbaycanın namizədliyini yüksək qiymətləndirmiş və sessiyanın idarə edilməsində uğurlar arzulamışlar. Beləliklə, səfir E.Hüseynova yekdilliklə Baş Məclisin prezidenti seçilmişdir. Fransa, Çin, Burkina-Faso, Honduras və Livanın nümayəndələri vitse-prezident, Belçikanın təmsilçisi isə məruzəçi seçilmişlər.
Azərbaycanın nümayəndəsinin
UNESCO-nun bu mötəbər
və 140-dan çox təmsilçidən
ibarət Baş Məclisinin prezidenti seçilməsi ölkəmizin qeyri-maddi mədəni irsin
qorunması sahəsində ildən-ilə möhkəmlənən
nüfuzunun bariz
nümunəsi və digər tərəfdən UNESCO kimi beynəlxalq
təşkilatın respublikamıza göstərdiyi böyük etimadın göstəricisidir.
Ölkəmizin UNESCO çərçivəsində
davamlı olaraq təşkilatın
çoxsaylı qurumlarına və onlarda
rəhbər vəzifələrə seçilməsi Azərbaycan
dövlətinin məqsədyönlü siyasəti,
xüsusilə də Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri qismində
səmərəli və uğurlu fəaliyyəti
ilə bağlıdır.
Azərbaycan.- 2012.- 5 iyun.- S. 4.