İstanbulda BMT Sivilizasiyalar Alyansının Tərəfdaşlar Forumu keçirilir

 

Azərbaycan Milli Məclisinin Sədri forumda iştirak edir

 

 İstanbuldakı "Konrad" hotelində  BMT Sivilizasiyalar Alyansının Tərəfdaşlar Forumu keçirilir. Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti forumun işində iştirak edir.

Forumu açan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Pan Gi Munu, Gürcüstan Prezidenti Mixeil Saakaşvilini, Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovu, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu, digər ölkələrin hökumət və parlament rəhbərlərini salamlamışdır. Türkiyə hökumətinin başçısı vurğulamışdır ki, ölkəsinin İspaniya ilə birgə irəli sürdüyü "Mədəniyyətlər ittifaqı" təşəbbüsünün daha fəal həyata keçirilməsi üçün bu forumda maliyyə qaynaqlarının təsis edilməsi məsələsi müzakirə olunacaqdır. Ankara bu dəstəyi verməyə hazırdır və digər dost ölkələrdən də bunu gözləyir.

BMT-nin baş katibi Pan Gi Mun çıxışında qlobal dünyada baş verən ziddiyyətli proseslər, dini, etnik və digər zəmində münaqişələrdən bəhs etmiş, onların həlli üçün dünya liderlərini daha sıx əməkdaşlığa çağırmışdır. Baş katib vurğulamışdır ki, bu baxımdan mədəniyyətlərarası dialoq olduqca vacibdir. Planetin gələcəyi bu səylərdən asılıdır.

Gürcüstan Prezidenti Mixeil Saakaşvili Türkiyənin regionda sülhünsabitliyin bərqərar olması istiqamətində səylərdən danışmış, təməli Sovet İttifaqı dövründə qoyulmuş milli, dinietnik zəmində separatçılığın hələ də təhlükə mənbəyi olduğunu vurğulamışdır.

Milli Məclisin Sədri Oqtay Əsədov isə bildirmişdir ki, Azərbaycan dünyada dinlər və mədəniyyətlər arasında dialoqun və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində Türkiyənin davamlı səylərini yüksək qiymətləndirir. BMT Sivilizasiyalar Alyansı ötən illər ərzində qlobal miqyasda dialoqun, qarşılıqlı hörmət və anlaşmanın dərinləşməsinə əməli töhfələr vermişdir. Qloballaşma bir tərəfdən xalqlar arasında əməkdaşlığa şərait yaratsa da, digər tərəfdən mövcud olan fərqlərin daha qabarıq şəkildə üzə çıxmasına, hətta müəyyən gərginlik və dözümsüzlük hallarına meydan açır. İslamAvropa dəyərlərini özündə birləşdirən Azərbaycan dəfələrlə sivilizasiyalar və dinlərarası körpü rolunu oynamağa hazır olduğunu bəyan etmiş, çoxsaylı təşəbbüslər irəli sürmüşdür. Belə ki, ölkəmiz 2007-ci ildə "Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında medianın rolu" mövzusunda beynəlxalq konfrans, 2008-ci ildə "Mədəniyyətlərarası dialoqda qadınların rolu" və Avropa Şurasının mədəniyyət nazirlərinin konfransına ev sahibliyi etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə 2011-ci il aprelin 7-9-da Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmiş, 102 ölkədən 500 nümayəndə mədəniyyətlərarası dialoqun zəruriliyi ilə bağlı müzakirələrdə iştirak etmişdir. Azərbaycan bu mühüm forumu hər iki ildən bir Bakıda keçirmək niyyətindədir.        

Oqtay Əsədov vurğulamışdır ki, BMT Sivilizasiyalar Alyansının fəaliyyətinin davamlı olmasını vacib hesab edən Azərbaycan bu məqsədlə yaxın vaxtlarda alyansın Könüllü etimad fonduna vəsait köçürəcəyini elan etmişdir.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu dini zəmində baş verən münaqişələrin, xüsusilə islamofobiyanın qarşısının alınması üçün zəruri olan tədbirlərdən danışmışdır.

Açılış mərasimindən sonra keçirilən sessiyalarda "Mədəniyyətlər ittifaqı və qlobal siyasət", "Münaqişələrin qarşısının alınması və vasitəçilik", "Qlobal sülhə baxış" mövzularında müzakirələr aparılmışdır.

Forum iyunun 1-də işini davam etdirəcəkdir.

 

 

Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 1 iyun.- S. 2.