Eurovision-2012 dünya mətbuatının gündəmindən düşmür

 

Azərbaycandan qayıdan turistlər ölkəmiz haqda xoş təəssüratlarını bölüşürlər

 

Bütün dünyanın maraqla izlədiyi sayca 57-ci "Eurovision" mahnı müsabiqəsinin başa çatmasından bir həftədən də çox vaxt keçməsinə baxmayaraq hələ də, dünya xalqları bu tarixi yarışmanın verdiyi gözəl auradan ayrılmaq istəmir. Belə ki, müxtəlif sayda  siyasi, mədəni, idman tədbirlərinin keçirildiyi məkana çevrilən Azərbaycan ötən ay növbəti beynəlxalq tədbirə layiqincə ev sahibliyi etməklə bütün dünyanın diqqətini paytaxt Bakıya yönəltdi. Müsabiqənin yaxından şahidi olmaq üçün Bakıya gələn iştirakçılar, turistlər ölkəmizin  inkişafına, xalqımızın qonaqpərvərliyinə, zəngin mədəniyyətinə heyranlıqlarını dəfələrlə vurğuladılar.

Bunların arasında dünya və Avropanın bir sıra nüfuzlu KİV təmsilçiləri də var idi. Söhbətləri zamanı  bildirirdilər ki, "Eurovision" mahnı müsabiqəsi tarixində belə bir təşkilatçılıq görməyiblər. Bütün bunları nəzərə almaqla, onu demək olar ki, müsabiqə sürətlə inkişaf edən Azərbaycanı beynəlxalq aləmə daha yaxından tanıtdı.  Mötəbər mahnı yarışmasına Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq imicinin daha da artmasına mühüm təsir göstərdi.

Müsabiqənin başa çatmasından sonra öz vətənlərinə qayıdan jurnalistlər Azərbaycandan xoş təəssüratla ayrıldıqlarını bildirirlər. Hətta, bir neçəsi nağıllar dünyasından ayrılmaq istəmədiklərini dəfələrlə öz məqalələrində qeyd edirlər.

Birləşmiş Krallığın "www.escxtra.com" xəbər saytında "Nağıllar dünyasından ayrılmaq çətin oldu" sərlövhəli məqalə dərc olunub. Məqalənin müəllifi ingilis jurnalist Alek Parkin qeyd edir ki, bir ölkəni tanımağın və onu kəşf etməyin ən yaxşı üsulu oraya yollanmaqyerli sakinlərlə söhbət etməkdir. İşimlə əlaqədar olaraq dünyanın bir çox ölkələrində ezamiyyətlərdə olmuşam. Elə ölkə var ki, insanları çox soyuq qarşılayırlar, elə ölkə var ki, bir daha ora getmək istəmirsən. Azərbaycana əvvəllər gəlmədiyim üçün bu ölkə ilə əyani tanışlığım yox idi. Lakin burada gördüm ki, Azərbaycan, doğrudan da, görməli və gəzməli yerdir. Qısa müddət ərzində bu  ölkəyə valeh oldum. Burada insanlarda olan mehribanlığı, səmimiliyi dünyanın heç bir ölkəsində görməmişəm. Paytaxt Bakı bu şəhərin qonaqlarında xoş təəssürat yaradır. Burada hər addımda Şərq ilə Qərbin vəhdətini görmək olar. Şəhərin gecələri gündüzlərindən gözəldir. Dənizkənarı Milli Park gecə-gündüz insanlarla dolu olur, şəhər yaşıllıqla zəngindir, yaşlılar və uşaqlar parklarda gəzirlər. İnsanların geyim-keçimi, əhval-ruhiyyəsi bu ölkənin firavanlığından xəbər verir. Sözün əsl mənasında, Azərbaycan tolerant ölkədir. "Eurovision-2012" mahnı müsabiqəsi isə çox möhtəşəm idi. "Baku Crystal Hall" isə  indiyə qədər gördüyüm ən gözəl bir unikal tikilidir.

Norveçin "www.esnorge.net" xəbər saytında yer alan "Bakıdan ayrılmaq çox çətin oldu" sərlövhəli məqalənin müəllifi Vivian Kristiansen isə bildirir ki, Azərbaycana ayaq basdığım ilk gündən bəri məni cəlb edən ən əsas məqam ölkənin müasirliyi oldu. Bircə onu fikirləşirdim ki, görəsən, yarışma başa çatdıqdan sonra mən bu gözəl şəhərdən necə ayrılacağam. Mənim ən böyük diqqətimi çəkən amillərdən biri də yarışmanın keçirildiyi "Crystal Hall" idi. Möhtəşəmliyi və müasirliyi ilə həqiqətən, çox unikal bir tikilidir. Mətbuat Mərkəzində isə jurnalistlərə yaradılan hər bir şəraitə görə təşkilat komitəsinə təşəkkürümü bildirirəm. Bakı isə bənzərsiz bir şəhərdir. İnsanları gülərüz və mehribandırlar.

Belçikanın "Euro Firiends Show" internet radiosunda yayımlanan "Eurovision" tarixinin ən möhtəşəm şousu" adlı proqramda isə müəllif Əndi Verez vurğulayır ki, bir neçə həftə Bakıda olduq. Qısa müddət olmasına baxmayaraq, onu demək istəyirəm ki, özümüzü sanki neçə illərdir burada yaşayırmışıq kimi hiss edirdik. Bizi çox mehriban və dostcasına qarşıladılar. Şəhərdə ancaq səmimiyyət görürdük. İnsanların çöhrəsindən  gülərüzlük və mehribanlıq yağırdı. Bizə yardım etmək üçün əllərindən gələni əsirgəmirdilər. Azərbaycanla bağlı araşdırmalar apardım. Məlum oldu ki, bu ölkə 20 ildir müstəqilliyini əldə edib. Bu müddətdə böyük bir inkişaf... Təqdirəlayiqdir. "Eurovision" mahnı müsabiqəsinə təşkilatçılıq isə çox möhtəşəm idi. Mən indiyə qədər bir neçə ölkədə bu cür tədbirlərdə iştirak etmişəm, amma Bakıdakı kimi yüksək təşkilatçılığı heç bir yerdə görməmişəm. "Eurovision"un keçirildiyi "Crystal Hall" isə möhtəşəmlik nümunəsidir. Azərbaycan bu müsabiqədə təşkilatçılıq baxımından təkrarolunmaz bir tarix yazdı.

Danimarkanın "www.eurosong.dk" saytında yer alan "Sənin üçün darıxdım, Azərbaycan!" sərlövhəli məqalədə müəllif  Karsten Nilson yazır ki, Azərbaycana birinci dəfədir səfər edirdim. Bu qısa müddətdə Bakının gözəlliyinə heyran oldum. Azərbaycan çox zəngin və gözəl ölkədir. Paytaxt Bakı isə sözün əsl mənasında, möhtəşəmdir. Bütün bu işlərin əsas təşəbbüskarı, sözsüz ki, Azərbaycan dövlətidir. Dövlətin xalqın firavan yaşaması naminə gördüyü işlər isə göz qabağındadır. Düzdür, zaman baxımından 20 il heçböyük tarix deyil, amma bu illər ərzində görülmüş işlərə nəzər salanda bir daha əmin olursan ki, demək, qısa bir vaxtda böyük uğurlara imza atmaq mümkündür. Bütün bunlar göstərir ki, bu ölkəni daha xoşbəxt bir gələcək gözləyir. Lakin bir məqamı da qeyd etmək istərdim ki, Azərbaycanın böyük bir "Dağlıq Qarabağ" problemi var. Ermənistan dövləti bu əraziləri işğal edib, "Xocalı faciəsi" kimi böyük qətliamlar həyata keçirib. Hələ də, inana bilmirəm ki, beynəlxalq təşkilatlar bu haqsızlığa necə göz yumurlar. Ümid edirəm ki,  bu problem də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz ədalətli həllini tapacaq. "Eurovision" mahnı müsabiqəsinə gəldikdə isə təşkilatçılığı ilə bağlı görülən işlər çox möhtəşəm idi. Hər şey əla idi. Bir daha vurğulamaq istərdim ki, bu ölkədə olduğum üçün özümü xoşbəxt hesab edirəm. Gələcəkdə buraya tez-tez gəlməyi düşünürəm. Çünki, sənin üçün darıxmışam, Azərbaycan!

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 5 iyun.- S. 5.