Bütün dünyada nüfuz qazanmış tədbir
Bu gün Bakıda 19-cu beynəlxalq "Xəzər
neft, qaz, neftayırma
və neft kimyası" sərgi və
konfransı açılır
Bu gün Bakıda Xəzəryanı rayonun neft-qaz sektorunda ən böyük tədbir sayılan beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" sərgisi öz işinə başlayır. Ölkəmizin paytaxtı 19-cu dəfədir bu tədbirə ev sahibliyi edir. Ənənəvi "Caspian Oil and Gas" sərgisi üçüncü dəfədir ki "Bakı Ekspo" mərkəzində keçirilir.
Dünən bu münasibətlə keçirilən mətbuat konfransında bildirildi ki, sərgi iyunun 5-dən 8-dək davam edəcək. "Caspian Oil and Gas" həmişə olduğu kimi, Azərbaycan sərgi sənayesinin aparıcı qüvvəsi olmaqla yanaşı, regionun neft sektorunu təmsil edən aparıcı ekspertləri və əsas şirkətləri bir yerə toplayıb. Sərgiyə, eləcə də iyunun 6-da açılacaq eyniadlı konfransa hökumət strukturları tərəfindən xüsusi diqqət və dəstək göstərilir. Ölkəmizin rəhbəri hər il olduğu kimi, yenə də sərginin rəsmi kataloqu üçün iştirakçı və qonaqların ünvanına təbrik məktubu göndərib. Ənənəvi olaraq, "Caspian Oil and Gas" layihəsinə ARDNŞ, eləcə də Sənaye və Energetika Nazirliyi tərəfindən də dəstək göstərilir. Sərginin təşkilatçıları Böyük Britaniyanın "İTE Group plc" şirkəti və onun tərəfdaşı "İteca Caspian"dır.
"İTE Group" şirkətinin Xəzər üzrə regional direktoru Edvard Stroon tədbirdə çıxış edərək bildirdi ki, builki sərgi indiyədək keçirilən neft-qaz sərgilərinin ən böyüyüdür. Burada dünyanın 35 ölkəsindən 300-dən çox şirkət iştirak edir. Almaniya, Böyük Britaniya, Çin, Rusiya və Türkiyənin milli qrupları üçün pavilyonlar əvvəlcədən sifariş olunub. MDB, Avropa və Şərqi Asiya şirkətlərinin sayı əhəmiyyətli dərəcədə artıb. İlk dəfə olaraq, bu il sərgidə Vyetnam şirkətləri də iştirak edəcəklər. Sərgi sahəsinin 40 faizini dünya şöhrətli şirkətlər tutur və onların əksəriyyəti "Caspian Oil & Gas" sərgisinin daimi iştirakçısıdır. Ekspozisiya sahəsinin 59 faizini xarici şirkətlər tutur. Qalan ekspozisiya sahələri isə yerli istehsalçılar və xarici şirkətlərin yerli nümayəndəlikləri üçün ayrılıb. Sərgiyə olan daimi marağı göstərən bir fakt da odur ki, ekspozisiyanın 10 faizini əvvəllər Azərbaycan bazarında fəaliyyət göstərməmiş yeni şirkətlər təşkil edir. Bütövlükdə bütün sərgi ekspozisiyasının ümumi artımı 15 faizdir.
E.Stroon vurğuladı ki, bu sərgiyə
marağın səngiməməsi Azərbaycanın regionda neft-qaz mərkəzinə
çevrilməsini bir daha
təsdiqləyir. Mətbuat konfransında
çıxış edən sərginin layihə meneceri Tofiq Kərimov isə
bildirdi ki, burada yerli şirkətlər
də fəal iştirak edəcəklər.
Onların arasında ARDNŞ-nin, "Azenko"nun, "Gross Caspian"ın və digər nüfuzlu şirkətlərin olması deyilənləri
təsdiq edir. Təsadüfi deyil ki, ARDNŞ sərginin iki qızıl sponsorundan biridir. Digər qızıl
sponsor "Andrade Gutierrez"dir. Tədbirə platin, yəni baş sponsorluğu isə bp edir.
Ənənəyə görə, sərginin növbəti günü tədbirin konfrans hissəsi başlayır. Menecer Nigar
Muradxanlı bildirdi ki, builki konfrans
ilk dəfə olaraq
"Hilton Baku" otelində keçiriləcək. Tədbirdə 8 sessiya fəaliyyət göstərəcək. Burada 500 nəfərdən
artıq nümayəndə
iştirak edəcək.
Onlar Xəzər dənizində
yeni enerji infrastrukturları layihələrinə
xüsusi maraq göstərirlər.
Hər il sərgi-konfransa
müxtəlif ölkələrdən
yüksək vəzifəli
qonaqlar gəlir və tədbirin açılış mərasimində
iştirak edirlər.
"Caspian Oil & Gas 2012"nin yüksək
rütbəli qonaqları
arasında Gürcüstanın
energetika naziri Aleksandr Xetaquri, Litvanın energetika naziri Arvidas Sikmokas, İranın neft naziri Rostam
Kazemi və digərləri var. Tədbirin
ünvanına bir çox ölkə rəhbərlərinin təbrik
məktubu göndərməsi
də Azərbaycanda hər il keçirilən
beynəlxalq neft-qaz sərgisinin bütün dünyada böyük nüfuz qazanmasını təsdiqləyir.
Flora SADIQLI
Azərbaycan.- 2012.- 5 iyun.- S. 6.