Ekoloji vəziyyətin
yaxşılaşdırılması minilliyin
vəzifəsidir
5 iyun Ümumdünya Ətraf
Mühit Günüdür
XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqi və sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özünə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. 1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Stokholm şəhərində keçirilən iclasında bu məsələ diqqət mərkəzində olmuşdur. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyi nəzərə alınaraq hər il iyunun 5-də Ümumdünya Ətraf Mühit Gününün qeyd olunmasına qərar verilmişdir.
Ölkəmizdə son illər ərzində aparılmış məqsədyönlü dövlət siyasəti, beynəlxalq təcrübədən istifadə və həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində ətraf mühitin mühafizəsi və təbiətdən davamlı istifadə edilməsi sahəsində bir sıra nailiyyətlər əldə olunub. Ölkə iqtisadiyyatının sürətli inkişafı, xalqın rifahının yüksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələləri həmişə diqqət mərkəzindədir. Azərbaycan hələ 2003-cü ildə davamlı inkişaf üzrə Milli Proqram qəbul edib. Minilliyin inkişaf məqsədlərindən biri olan ətraf mühitin davamlılığını təmin etmək üzrə fəaliyyət planına əsasən, davamlı inkişaf prinsipləri dövlət siyasəti və proqramlarına daxil edilib. Təhlükəsiz içməli su və sanitariya xidmətləri ilə təmin edilməmiş insanların sayını azaltmaq prioritet kimi qəbul olunub.
Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi milli və dövlət proqramlarında bu hədəflərin reallaşması və yerinə yetirilməsi üçün zəruri olan vəzifələr müəyyənləşdirilib. İqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı ölkəmizdə mövcud olan ekoloji problemlərin həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə böyük yer verilir. "Yaşıl iqtisadiyyat"a sərmayələrin cəlb olunmasına nail olmaq üçün ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə etmək, istilik effekti yaradan qazları azaltmaq, sənaye, nəqliyyat, tikinti və müxtəlif sahələrdə enerjidən səmərəli istifadə və enerji effektivliyi hesabına ətraf mühitin qorunması üzrə tədbirlər həyata keçirmək qaçılmazdır. Ölkəmizdə "yaşıl iqtisadiyyata" keçid mərhələsində ekoloji və iqtisadi tələblərə cavab verməyən çoxlu sayda müəssisələr bağlanıb, digərləri yenidən qurularaq modernləşdirilib, yeni aztullantılı və tullantısız texnologiyalar tətbiq olunub.
Alternativ enerji mənbələrinin istifadəsi prioritet olduğundan ətraf mühitin sağlamlaşdırılması və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində, o cümlədən istilik effekti yaradan qazların tullantılarının azaldılması sahəsində tədbirlər həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ucqar yerlərdəki avtomat hidrometeoroloji stansiyalarının elektrik enerjisinə olan tələbatı Günəş və külək enerjisi ilə təmin edilir. Nazirliyin nəzdində yaradılmış Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi və onun 4200 metrə qədər yüksəklikdə yerləşən avtomat hidrometeoroloji stansiyalarının enerji tələbatı alternativ enerji hesabına təmin olunub.
Azərbaycanda nəinki Minilliyin İnkişaf Məqsədlərindən biri olan "2015-ci ilədək təhlükəsiz içməli su və sanitariya xidmətləri ilə təmin olunmamış əhalinin sayının iki dəfə azaldılması", hətta əhalinin tam şəkildə keyfiyyətli içməli su və sanitariya xidmətləri ilə təmin edilməsinə şərait yaradır. Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq mərkəzləşmiş şəkildə təmiz suya çıxışı olmayan ən ucqar yaşayış məntəqələrinin də tez bir zamanda təhlükəsiz içməli su ilə təmin edilməsi üçün tədbirlər həyata keçirilir.
Xəzər dənizinin çirklənmədən qorunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaratdığı modul tipli çirkab sutəmizləyici qurğulardan ibarət sistem ekoloji tarazlığı bərpa edib. Kür və Araz çaylarının çirklənməyə məruz qalmaması üçün analitik tədqiqat laboratoriyaları yaradılıb. Abşeron yarımadasının təhlükəli tullantılardan təmizlənməsi sahəsində də işlər uğurla aparılır. Bakı və Sumqayıt şəhərlərindən müxtəlif tərkibli təhlükəli istehsalat tullantıları Təhlükəli Tullantıların İdarə Olunması üzrə Milli Mərkəzə daşınaraq basdırılır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə texniki əməkdaşlıq proqramı çərçivəsində radiasiya fonu üzərində avtomatlaşdırılmış monitorinq nəzarəti sistemi yaradılmışdır.
Meşələrin mühafizəsi və artırılması sahəsində meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçib. Toxum tədarükü, əkin materiallarının yetişdirilməsi, meşələrin bərpası, yeni meşə massivlərinin yaradılması sahəsində göstəricilər son 10 ildə bir neçə dəfə artıb. Meşələrin qorunub mühafizə olunması istiqamətində də ciddi tədbirlər həyata keçirilib, regionların qazlaşdırılması və meşələrdən sənaye məqsədləri üçün istifadənin demək olar ki, tam qarşısının alınması nəticəsində qanunsuz ağac kəsilməsi halları ilbəil azalıb.
Ölkə rəhbərinin tapşırıq və tövsiyələri nəzərə alınaraq, magistral avtomobil yollarının ətrafının yaşıllaşdırılması və Abşeron yarımadasının meşə landşaftından məhrum olan ərazilərində yeni meşə zolaqlarının salınması istiqamətində görülən işlər müvəffəqiyyətlə davam etdirilir. Yaşıllıq ərazilərinin artırılması məqsədilə Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin magistral avtomobil yollarının ətrafında 4 milyondan artıq ağac və kollar əkilib.
Artıq Hövsan ətrafında əvvəlki illərdə salınmış 200 hektar ərazidəki zeytun ağaclarının üstünlük təşkil edən qarışıq əkinlərə əlavə olaraq 300 hektar ərazidə də zeytun massivləri salınmış və 97-98 faiz bitiş təmin olunub. Eyni zamanda, Bakı-Quba magistral avtomobil yolunun Zeynalabdin Tağıyev-Zarat qəsəbələri, Bakı-Şamaxı magistral avtomobil yolunun Müşviqabad qəsəbəsi - Çaylı kəndi arası, Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Atbulaq və Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsində salınmış 1300 hektar yaşıllığın suvarılması məqsədilə kompyuter idarəetmə sisteminə malik ən müasir damcılı suvarma sistemlərinin quraşdırılması üçün tədbirlər həyata keçirilir.
Biomüxtəlifliyin qorunması istiqamətində xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsi genişləndirilmiş, nəticədə ümumi sahəsi 881 min hektardan artıq xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 8 Milli Park, 11 Dövlət Təbiət Qoruğu və 24 Dövlət Təbiət Yasaqlığı mövcuddur. Eyni zamanda, ölkədə ilk dəfə olaraq 2003-cü ildən etibarən Milli parkların yaradılmasına başlanıb. Hazırda Milli parkların ümumi sahəsi ölkə ərazisinin 3,6 faizini təşkil edir. Cənubi Qafqazın ən böyük Milli Parkı olan Şahdağ Milli Parkının ərazisi 130,5 min hektardır.
Cənubi Qafqazda ilk dəfə olaraq müasir avadanlıqla təchiz olunmuş Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzi yaradılmışdır. Eyni zamanda, Vəhşi Təbiətə Epidemioloji Nəzarət Laboratoriyası yaradılıb.
Nəsli kəsilmək təhlükəsi qarşısında olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması və bu ərazilərdə onların davamlı populyasiyalarının yaradılması istiqamətində işlər aparılaraq 2009-cu ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə ceyranların tarixən məskunlaşdıqları areallara reintroduksiya layihəsi həyata keçirilir. Bu müddət ərzində 4 tarixi areala 110 başadək ceyran köçürülüb. Ceyranların peyk və vizual müşahidəsi nəticəsində onların yeni ərazilərə normal adaptasiya olunduqları və təbii artımı müşahidə olunub.
Son dövrlərdə iqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri aparılır. Bu məqsədlə ölkədə çətin keçilən ərazilərdə hidrometeoroloji şəraiti daha dəqiq və fasiləsiz izləməyə imkan verən 18 Avtomat Meteoroloji Stansiya, 8 Avtomat yağıntıölçən, 5 Avtomat su səviyyəsi ölçən və 2 ultrasəs su sərfi ölçən cihazlar qurulub.
Proqnoz və xəbərdarlıqlar sistemi üçün informasiya təminatı yaxşılaşdırılmış, meteoroloji peyklərdən alınan informasiyanın diapazonu genişləndirilmiş, daha geniş təhlil imkanı verən yeni yerüstü peyk sistemi quraşdırılmışdır. Nəticədə ölkə ərazisində hidrometeoroloji proqnozların özünüdoğrultma səviyyəsi 90 faizə çatdırılıb.
Eyni zamanda, Kür çayının mənsəbində səviyyə tərəddüdünü və Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin 3700 metr yüksəkliyədək ərazilərində meteoroloji şəraiti real vaxt rejimində izləməyə imkan verən videogörüntülərin alınması üçün avadanlıqlar quraşdırılmış və hazırda Kiş çayında sel axınlarını və Ləzədə meteoroloji şəraiti fasiləsiz izləməyə imkan verən avadanlıq qurulur.
Bu ilin yanvar ayında ABŞ-ın Yel və Kolumbiya universitetlərinin hazırladığı Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksində Azərbaycan son 8-10 ildə ətraf mühitlə bağlı problemlərin həllində müsbət dəyişikliklərin tempi və əldə olunmuş nailiyyətlərə görə 132 ölkə arasında ikinci yeri tutub. Bu, ölkəmizin ətraf mühiti qorumaq, onu daim saflaşdırmaq sahəsində gördüyü işlərin nəticəsidir.
Azərbaycan.- 2012.-
5 iyun.- S. 6.