Nişangaha çevrilən azərbaycanlı uşaqlar

 

Ermənilər bununla da vandal hərəkətlərini, milli kimliklərini nümayiş etdirirlər

 

Neçə illərdir 4 iyun tarixi dünyada Təcavüz Qurbanı Olan Uşaqlar Günü kimi qeyd olunur. Ona görə ki, insanlar zorakılıqdan, müharibədən, münaqişədən, təcavüzdən imtina mədəniyyətini öyrənsinlər, uşaqların zəifliyindən və gücsüzlüyündən istifadə edib onları təcavüz qurbanlarına çevirməsinlər. Çünki dünyanın hər yerində uşaq uşaqdır, onun valideynlərinin qayğısı ilə sağlam və xoşbəxt böyümək, təhlükəsiz yaşamaq, yaxşı qidalanmaq, təhsil almaq hüquqları var.

Lakin XX əsrdə uşaqlar daha çox təcavüzə, zorakılığa, irqi ayrıseçkiliyə, deportasiya və soyqırıma məruz qalıb. Səngiməyən müharibələr, lokal münaqişələr, toqquşmalar yüzminlərlə uşağı valideyn himayəsindən məhrum etmiş, həyatlarına son qoymuş, ən adi hüquqlarını belə əlindən almışdır. Uşaq alveri, onların bədən üzvlərinin satılması kimi insanlığa yaraşmayan hərəkətlər hələ də davam etməkdədir. Təəssüf ki, bütün çağırışlara, müraciətlərə, aparılan kampaniyalara baxmayaraq dünyada uşaqlara qarşı zorakılıq, təcavüz davam edir. Sülh arzusu, əminamanlıq bütün zamanlarda bəşəriyyəti düşündürsə də, hələ də buna tam nail olunmayıb. Bunlardan da ən çox əziyyət çəkən, təcavüz qurbanına çevrilən uşaqlardır.  Dünyanın ən sülhsevər, tolerant, heç bir xalqın torpağında, var-dövlətində gözü olmayan və qəsbkarlıq duyğusu ilə yaşamayan Azərbaycan uşaqları 20 ildən çoxdur ki, dünyanın gözü qarşısında qəsbkarların əlində görünməmiş fəlakətlərə məruz qalıb. XX əsrin son illərindən bugünədək demək olar ki, heç bir xalqın uşaqları Azərbaycan uşaqları qədər təcavüzlərin - ermənilər tərəfindən amansız qətllərin, faciəli ölümlərin qurbanına çevrilməyib. Bəli, neçə illərdir ki, nişangahda azərbaycanlı uşaqlardır...

Bu gün sürətlə inkişaf edən Azərbaycan vətəndaşı olmaq hər bir uşağın arzusu olsa da, minlərlə azərbaycanlı uşaq 20 ildən çoxdur ki, yurd-yuvalarından məhrum olaraq ömürlərinin ən gözəl, şaqraq çağlarını valideynləri ilə birlikdə çadır şəhərciklərində, yataqxanalarda, yük vaqonlarında yaşamaq faciəsini öz talelərində yaşayıblar və indi ölkədə gənc qaçqın-köçkün nəsli yetişib.

Erməni separatçılarının və onların havadarlarının Azərbaycana qarşı apardığı düşmənçilik siyasəti dövlətimizə, hər bir vətəndaşa, xüsusilə də körpə uşaqlara misli görünməmiş müsibətlər və fəlakətlər gətirmişdir. İnsanları diri-diri tonqalda yandırmaq, divara hörmək, ananın bətnindəki körpəni süngüyə keçirmək, ananın gözü qarşısında övladını, övladın gözü qarşısında ananı vəhşicəsinə öldürmək, körpələrin gözünü çıxartmaq, divara mıxlayıb sonra da parçalayıb ürəyini çıxardıb anasına vermək artıq erməni "xalqının" milli kimliyidir, şəxsiyyət vəsiqəsidir. İnsanlıq və mənəvi-etik prinsiplər bu "xalqa" yaddır. BMT Baş Məclisinin Qadın və Uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında qəbul etdiyi qətnamədə deyilir: "Müharibə edən tərəflərin hərbi əməliyyatların gedişində və ya işğal edilmiş ərazilərdə insanları, xüsusən qadınları və uşaqları həbsxanaya salma, işgəncə vermə, güllələmə, kütləvi həbsə alma və repressiyalar törətmə, insanlıqdan kənar davranış formaları və cinayətkar hərəkətlər sayılır". Yəni beynəlxalq qanunlarda müharibə zamanı mülki əhaliyə qarşı zorakılığa yol verilmir. Amma bunun ermənilər üçün heç bir fərqi olmayıb. Təəssüf ki, uşaqların təcavüz qurbanı olması ilə mübarizə aparmaq istəyən dünya, xüsusən də müstəsna səlahiyyətlərə malik beynəlxalq qurumlar bir dəfə də olsun bu məsələ ilə bağlı Azərbaycandan gedən faktları araşdırmayıb. 1988-ci ildən bəri münaqişə zamanı qətlə yetirilən, itkin düşən və əsir götürülən azərbaycanlı uşaqların taleyi, tapdanmış hüquqları müzakirəyə çıxarılmayıb. O hüquqlardan ki, onu həmin təşkilatlar, qurumlar özləri tətbiq edib və guya bütün millətlərə və dövlətlərə şamil olunur. Deyilənlər də yalnız quruca sözdən ibarətdir.     

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübut edir ki, Ermənistan "Müharibə qurbanlarının müdafiəsinə dair" 1949-cu il tarixli Cenevrə Konvensiyasını, onlar bu sənədin insan haqları ilə bağlı tələblərini kobud surətdə pozub. 1992-ci ildə Xocavənd rayonunu işğal edən ermənilər Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər dinc sakini Xankəndiyə apararkən yolda 76 nəfərini güllələmiş, onlardan 20 nəfəri 10-12 yaşına qədər azyaşlı uşaq olmuşdur.  Barbarlar valideynlərinin gözləri qarşısında uşaqların başını kəsmiş və bunu gizlətməmişlər. Erməni vandalizminin ən dəhşətli nümunələrindən biri Xocalı soyqırımıdır. Faciə zamanı erməni və rus yaraqlılarının birgə qətlə yetirdikləri 613 nəfər Xocalı sakininin 63 nəfəri azyaşlı uşaqdır. Xocalının işğalı zamanı bütün ailəsi ilə girov götürülmüş Səlimova Tamilə azyaşlı oğlu Səlimov Xəzər Səyavuş oğlunu ayırıb aparmaq istəyən ermənilərin onu döyməsinə baxmayaraq körpəsinə sarılmış, ondan ayrılmamışdır. Bunu görən ermənilər ana ilə körpəni birlikdə güllələmişlər. "Terrorçuluq, təcavüz, körpə uşağa əl qaldırmaq Ermənistan adlı dövlətin ideologiyasıdır" fikri dəfələrlə beynəlxalq kürsülərdən səslənsə də, dünya bu "ideologiyanı" məhv etmək üçün heçdüşünmür.     

Təkcə Kəlbəcərin işğalı zamanı törədilən cinayətləri saydıqca qurtarmaz. Körpə uşaqlar analarının gözləri qarşısında vəhşicəsinə döyülüb, şikəst edilib, sinələrinə qızdırılmış xaç nişanları və damğaları basılmış, dişləri və dırnaqları çəkilmiş, rezin və dəmir dəyənəklərlə döyülmüş, üzərlərində tibbi eksperimentlər aparılmışdır. 1993-cü ildə girov götürülərkən 3 yaşlı Şövqü Xaqani oğlu Əliyevin bazı sümüyü Xankəndidə erməni həkimləri tərəfindən çıxarılıb, nəticədə uşaq ömürlük şikəst qalıb. Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni həkimləri naməlum tərkibli iynələr vurub. Nəticədə uşaq şikəst olub və 2010-cu ilin mayında Bakıda vəfat edib. 1993-cü il aprelin 1-də Kəlbəcərin işğalından bir neçə gün sonra Ermənistanın radiostansiyasından (QSM-7) Kəlbəcər döyüş bölgəsindəki radiostansiyaya ("Uraqan") göstəriş verilmişdir ki, Kəlbəcərdən girov götürülmüş qocaları, qadınları və uşaqları təcili öldürüb basdırsınlar. Tələskənliyə səbəb isə bölgəyə beynəlxalq nümayəndə heyətinin və xarici jurnalistlərin gəlməsi olub. Erməni hərbi birləşmələri komandirlərinin radiodanışıqlarının mətni Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 1993-cü il aprelin 6-7-də lentə köçürülmüşdür. Xarici müxbirlər 1993-cü ildə Ağdamın işğalından bir neçə gün sonra kanal qırağında saysız-hesabsız qadın və uşaq meyitləri gördüklərini bildiriblər.

Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilməklə yanaşı yüzlərlə azərbaycanlı uşaqlar xüsusi qəddarlıqla öldürülmüşdür. Elə qəddarlıqla ki, onlar yalnız ermənilərin ağlına gələ bilər, başqa xalqların tarixinə və yaddaşına belə qəddarlıq yazılmayıb.

2011-ci il martın 8-də Ağdam rayonunun Orta Qərvənd kəndində həyətlərində oynayan 9 yaşlı Fariz Bədəlov rayonun işğal olunmuş ərazisindən - Şıxlar kəndi istiqamətindən açılan snayper gülləsi nəticəsində həlak olmuşdur. Həmin gün erməni vandalları daha bir ananı ağlar qoymuşdu. Azyaşlı, dinc uşağın qətlə yetirilməsi qeyri-insani akt, beynəlxalq hüquqi sənədlərin pozulması deməkdir. Bunlar Ermənistan haqqında beynəlxalq sanksiyaların tətbiqini zəruri edir. Günahsız uşağın amansızlıqla qətlə yetirilməsi, əslində dünyanın bütün uşaqlarına qarşı yönəlmiş təcavüzdür. Qətlə yetirilən Fariz ailənin yeganə övladı idi. Bu uşağın qətli bir ailənin məhv olmasına səbəb oldu. 2011-ci ilin iyulunda Tovuzda baş verən hadisəni isə ondan bir neçə ay öncə Ağdamda baş vermiş faciənin davamı hesab etmək olar. Çünki həmişəki kimi cinayət cəzasız qalmışdı. Sankt-Peterburqdan Tovuz rayonunun Əlibəyli kəndinə, nənəsigilə qonaq gələn 13 yaşlı Aygün Şahmalıyeva da ağlagəlməz bir vandalizmin qurbanı oldu, erməni xüsusi xidmət orqanları tərəfindən Tovuz çayı vasitəsilə Azərbaycan ərazisinə buraxılan oyuncağa partlayıcı maddə quraşdırılır. Çay kənarında oynayan uşaqlar onu görsə də bir neçəsi laqeyd yanaşır. Lakin oyuncaq Aygünün diqqətini çəkir və götürüb evə gətirir. Bir neçə dəqiqədən sonra partlayıcı qurğu quraşdırılmış oyuncaq Aygünün əlində partlayır, qız həlak olur, anası ağır yaralanır. Beləcə, daha bir günahsız uşaq faciəli şəkildə həlak olur, ailə gözüyaşlı qalır.

Düzdür, bu faktlar beynəlxalq müstəviyə çıxarıldı, BMT və AŞ PA-da müzakirə olundu, Ermənistanın terror-təxribat hərəkətləri pisləndi, hamı üzüntü duyduğunu ifadə etdi. Lakin sadəcə olaraq pislənildi. Heç bir sanksiya tətbiq olunmadı, beynəlxalq qınaq hədəfinə çevrilmədi, cinayətkar cəzalandırılmadı.

Nə qədər ki, cinayətkar cəzalandırılmayıb, dünya baş verən hadisələrə ikili standartlarla yanaşacaq, deməli, azərbaycanlı uşaqları hələ də nişangahda olacaq...

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 5 iyun.- S. 6.