Mədəniyyət
sahəsində Azərbaycan-Ukrayna əlaqələrinin
inkişafı məsələləri müzakirə olunmuşdur
Ukraynada Azərbaycan Mədəniyyəti Günlərində iştirak edən ölkəmizin nümayəndə heyətinin rəhbəri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyunun 2-də Kiyevdə bir sıra görüşlər keçirmişdir.
Ukrayna Baş nazirinin müavini Raisa Boqatıryova ilə görüşdə dost ölkədə keçirilən Azərbaycan Mədəniyyəti Günlərindən söhbət açılmışdır. 2013-cü ildə Azərbaycanda keçiriləcək Ukrayna Mədəniyyəti Günləri ilə bağlı məsələlər də müzakirə olunmuşdur.
Nazir Ə. Qarayev Ukraynanın tanınmış rejissorlarını, baletmeysterlərini və artistlərini Azərbaycanda işləməyə dəvət etmək, mədəniyyət sahəsində birgə layihələr həyata keçirmək təşəbbüsünü irəli sürmüşdür.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.
Həmin gün Əbülfəs Qarayev Ukraynanın mədəniyyət və turizm naziri Mixail Kulinyak ilə görüşmüşdür. Görüşdə mədəniyyət və incəsənət sahəsində ikitərəfli əməkdaşlığın inkişafı və dərinləşdirilməsi istiqamətində məsələlər nəzərdən keçirilmişdir.
Görüşlərdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli iştirak etmişdir.
Zeynal AĞAZADƏ
Azərbaycan.- 2012.- 5 iyun.- S. 7.