Əməkdar jurnalist Məmməd Məmmədovu
xatırlayarkən...
Yaşasaydı, bu ayın 4-də doğum gününü - 50 illik yubileyini qeyd edəcəkdik. Amma ömrünün 49-cu baharında həyata əlvida dedi. Qəfil ölümü onu tanıyanların hamısını yaman sarsıtdı. O, "Azərbaycan" qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə bölgə müxbiri işləyəndə daha çox məhsuldar çalışırdı. Bu qəzetdə mütəmadi çıxış edir, qələmə aldığı müxtəlif səpkili yazılarda bütün ölkə Naxçıvan MR-də aparılan sürətli quruculuq işləri ilə müntəzəm tanış olurdu. Özü də söz düşəndə deyirdi ki, bu qəzet mənə həyatda çox şey öyrədib, mən bu qəzetə çox borcluyam.
Onu ilk dəfə 2004-cü ilin oktyabr ayında "Şərq qapısı" qəzetinin redaksiyasında görmüşdüm. Bundan əvvəl imzasına "Azərbaycan qadını", "Gənclik", "Kənd həyatı" jurnallarında, "Şərq qapısı" qəzetlərində çox rast gəlmişdim.
Məmməd Məmmədov olduqca xoş xasiyyətli, nümunəvi ailə başçısı idi.
Məmməd Yarəli oğlu Məmmədov mətbuata çox bağlı idi. Daha çox gördüklərini, duyduqlarını, ən başlıcası isə çoxumuza adi görünən hadisələri qələmə alardı. Cəmiyyətimizdə baş verən ictimai-siyasi proseslərə düzgün yanaşar, daim yeniliklər axtarardı. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycanın və Naxçıvanın əməkdar jurnalisti, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun ən yeni tarix şöbəsinin müdiri, tarix elmləri namizədi və ölümündən 3-4 gün əvvəl aldığı dosentlik elmi adının sahibi idi.
Ömrünün sonuna qədər bir an olsa belə mətbuatdan, qələmindən ayrılmadı. Son aylar fasiləsiz olaraq işləyirdi. "Naxçıvan: dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı" kitabını çap etdirmiş, "Mənim həyat məktəbim" adlı kitabını nəşrə hazırlayırdı. Lakin əcəl imkan vermədi...
Bir çox gənc qələm sahibləri kimi mənim də qismətimə Məmməd Məmmədovla işləmək nəsib olub.
..."Şərq qapısı" qəzetinin daimi oxucusu olduğuma görə qəzetin bütün sayını izləyir, dərc olunan yazıları maraqla oxuyurdum. Bir gün qəzetin növbəti sayında "Qələm sahiblərinin nəzərinə!" adlı elanla tanış olandan sonra redaksiyaya zəng vurub ertəsi gün Məmməd müəllimin qəbulunda oldum. Harda oxuduğumu, hardan gəldiyimi soruşdu. Kənddən gəldiyimi eşidəndə bir qədər təəccübləndi. Görürəm qəzetə böyük marağın var. Ancaq gərək yazılarına baxam dedi, - indi qəti söz deyə bilmərəm. Yaz, yazılarına baxaq, bir həftə içində özünü doğrultsan kollektivimizin üzvü olacaqsan... Növbəti iş günü baş redaktorun otağının qapısını döydüm, otaqda iclas idi. Ancaq buna baxmayaraq məni də içəri dəvət etdi. Kollektivə qəzetlə əməkdaşlıq etmək arzusunda olduğumu bildirdi, sonra üzünü o vaxtkı baş redaktorun müavini olan Məhəbbət Mirzəyevaya tutaraq dedi ki, otaqların birində Türkanəyə yer göstərib, şərait yaradın, oturub istədiyi mövzuda məqalə yazsın.
Məhəbbət xanım məni qocaman jurnalist, artıq dünyasını dəyişmiş Cəfər Kərimovun otağına apardı, bir dəstə kağız verdi. Mən də həmin gün yaxından tanıdığım gənc rəssamlardan biri ilə bağlı yazı hazırlayıb baş redaktora təqdim etdim. Aradan bir az keçməmiş müxbir Elxan Məmmədovu və məni otağına çağırdı. Məndən gənc rəssamı haradan tanıdığımı soruşdu. Naxçıvan MR Rəssamlar Birliyinin foyesində asılan əl işlərinin çoxdan diqqətimi çəkdiyini bildirdim. Üzünü müavinə, məsul katibə tutub, "yazı stili xoşuma gəldi. Fikirlərini uzun yox, qısa şəkildə ifadə edib. Bir də bu yazıda daha çox məni özünə çəkən gənc rəssama verilən "Fırçanın gücü ilə düşməni məhv etmək olarmı" sualı oldu. Sonra üzünü mənə tutub sabah gəlib bir başqa mövzuda yazı hazırlayarsan, baxarıq dedi".
Ertəsi gün "Şərq qapısı" qəzetinə müxbir vəzifəsinə əmrim verildi. Məmməd müəllimi fərqləndirən əsas cəhət cəsarətli yazıları ilə başqalarına nümunə olması, daim vətənpərvərliyi ilə seçilməsi, öz peşə borcunu ləyaqətlə yerinə yetirməsi idi.
Cəlil Məmmədquluzadənin "Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir. Bu ola gərək hər bir qələm sahibinin amalı" deyimi Məmməd müəllimin heç vaxt dilindən düşmürdü. Özü isə bu fikrə söykək olaraq bizlərə deyərdi ki, qələminizin gücü ilə müstəqil Vətənimiz naminə bir xeyirli iş görün və görəndə də çalışın onu ləyaqətlə görün. Nə olursa olsun hər zaman vətənə sədaqətli, dönməz olun.
"Şərq qapısı" qəzetində işlədiyimiz vaxtlarda biz gənclər ondan təkcə yazı-pozunu deyil, həyatı, həm də insanlıq fəlsəfəsini öyrənirdik. Məmməd müəllim bizə həyatı, həyatın çətinlikləri qarşısında dimdik durmağı öyrətdi. O, bizlərə haqq-ədalət yolunda büdrəməməyi, heç zaman ruhdan düşməməyi aşıladı. Arzularını, məramlarını işçilərlə bölüşərdi. Deyərdi ki, həyatda nə istəmişəmsə nail olmuşam. Tanrı mənə istədiklərimin ən yaxşısını bəxş edib. Bu dünyada bircə oğul toyu, nəvə görməkdir istəyim. Bilmirəm bu sevinci görə biləcəyəm, ya yox. Özüm özümdən soruşuram ki, görəsən mən də bu günləri görəcəyəmmi?" Ancaq çox təəssüf...
Redaksiyanın kollektivi onu sevirdi. Bu da səbəbsiz deyildi. Məmməd müəllim onlara qarşı ciddi tələbkar olmaqla yanaşı, həm də qayğıkeş, diqqətcil idi. O, tez-tez şənbə günləri iməcilikdən sonra Naxçıvan şəhərindəki "Sevgilim" kafesində çay süfrəsi təşkil edər, tabeçiliyində olan işçilərin gördükləri işə yekun vurar, gələcək planlarını öyrənər, cari məsələləri müzakirə edər, işçilərinin üzləşdikləri çətinliklər ilə maraqlanardı. Məmməd müəllim bütün işçilərinə qayğı ilə yanaşar, onların dərdlərinə şərik olar, sevincinə sevinərdi.
Məmməd Məmmədov 2007-ci ilin əvvəllərində AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Ən yeni tarix şöbəsinin müdiri təyin olunmuşdu. Qismət elə gətirdi ki, Məmməd müəllimin xeyir-dua verdiyi gənclərin bir neçəsi, o cümlədən də mən, AMEA Naxçıvan Bölməsində işləməli olduq. "Şərq qapısı" qəzetində işlədiyi vaxtlar mən onu hansı səmimiyyətdə görmüşdümsə, eləcə də qalmışdı. Bu elm müəssisəsində də Məmməd müəllim adəti üzrə bizim hər birimizin uğuruna ürəkdən sevinər, diqqət və qayğısını əsirgəməzdi.
Sanki ürəyinə dammışdı bizlərdən əbədi ayrılacaq. Ölümündən 3 gün əvvəl telefonla danışmışdıq onunla. Həmişə şən olan Məmməd müəllimin səsində bu dəfə bir az qəmgin, bir az nigarançılıq hiss etdim. Hər zaman biz gənclərin qayğıları ilə maraqlanan Məmməd müəllim kövrək səslə "Çoxdan idi sizlərdən xəbərsizəm. Bakıda idim. Dedim görüm necəsiz, işləriniz necədi. Hamıdan xəbər tutdum, dedim səni də bir soruşum" - deyib işlərimi xəbər aldı, çətinliyimin olub-olmadığını soruşdu. Mən işlərin qaydasında olduğunu deyib, minnətdarlığımı bildirdim.
Onu tanıyan hər bir kəsin qəlbində unudulmaz əməlləri, yaddan çıxmaz xeyirxah işləri ilə ölməzlik qazandı.
Məmməd Məmmədov qələmə aldığı məqalələrini, kitablarını oxuyan oxucularının da qəlbində yaşayacaq.
Türkanə BƏYLƏRLİ,
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsinin əməkdaşı
Azərbaycan.- 2012.- 5 iyun.- S. 8.