Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın lordlardan ibarət nümayəndə heyətini qəbul etmişdir

 

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Lord Şeyx Mohamed İltaf, Lord Patel Kamleş Kumar, Lord Dük Hugh Con Maksvell, Lord Risbi Riçard Con Grenvilldən ibarət Böyük Britaniya nümayəndə heyətini qəbul etmişdir.

Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Lord Şeyx Mohamed İltaf bu əlaqələrin gələcəkdə daha geniş sahələri əhatə edəcəyinə ümidvar olduğunu bildirdi. bp-nin Azərbaycandakı fəaliyyətinin əhəmiyyətini qeyd edən Lord Şeyx Mohamed İltaf ölkəmizlə mədəni əlaqələrlə yanaşı, biznes sahəsində əməkdaşlığın daha da genişləndirilməsində də maraqlı olduqlarını vurğuladı.

Dövlətimizin başçısı NATO-nun Çikaqo sammitində Böyük Britaniyanın Baş naziri Devid Kemeron ilə görüşünü və ikitərəfli əlaqələrimizlə bağlı aparılan müzakirələri məmnunluqla xatırladı. Azərbaycanın Böyük Britaniya ilə ikitərəfli münasibətlərinin tarixinin zəngin olduğunu vurğulayan Prezident İlham Əliyev enerji sektorunda, sərmayə qoyuluşu və eləcə də iqtisadiyyatın digər sahələrində əməkdaşlığın önəmini qeyd etdi. Bu gün keçirilən 19-cu Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bp-nin Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu, təkcə enerji sahəsində deyil, digər sahələrdə də uğurlu əməkdaşlıq etdiyini dedi.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 3.