İyunun 1-dən keçmiş
SSRİ Əmanət Bankının Azərbaycan Respublikası
Bankındakı vəsaitlərin yeni qaydalara əsasən geri
qaytarılması prosesinə start veriləcəkdir
"Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən birdəfəlik ödəmələrin verilməsi prosesi iyunun 1-dən başlanır.
Proseslə bağlı əhali arasında təbliğatın artırılması və yaranan sualların cavablandırılması məqsədi ilə mayın 31-də Maliyyə Nazirliyində mətbuat konfransı keçirilmişdir.
Nazir Samir Şərifov prosedur qaydaları barədə qısa məlumat verərək bildirmişdir ki, sözügedən fərmana əsasən Nazirlər Kabineti tərəfindən Maliyyə Nazirliyinin nəzdində Xüsusi Komissiya yaradılmışdır. Xüsusi Komissiyanın vəzifələri əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi, yarana biləcək problemlərin həllini və nəzarəti həyata keçirməkdir.
Nazir bildirmişdir ki, qanunvericiliyə əsasən, Əmanət Bankının öhdəliklərinə görə dövlətin məsuliyyəti nəzərdə tutulmamışdır. Əmanətçilərə ödəniləcək birdəfəlik məbləğ isə dövlətin daxili maliyyə imkanlarının artması hesabına veriləcəkdir.
"Kapital Bank"ın təqdimatında prosedur qaydalarının izahı diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, iyunun 1-dən etibarən sənədləri qaydasında olan vətəndaş əmanət kitabçasındakı kassa nömrəsinə uyğun olaraq təyin olunmuş bank filial və ya şöbəsinə, habelə bu məsələ ilə bağlı yaradılmış xüsusi məntəqələrə müraciət edə bilər. Hazırda bankın 143 (Bakıda 65, regionlarda 78) filial, şöbə və məntəqəsi vardır. Vətəndaş müraciət edəcəyi məntəqəni bankın internet saytında yaradılmış xüsusi bölmədə tapa biləcəkdir.
Daha sonra sualları cavablandıran nazir bəzi məsələlərə aydınlıq gətirmişdir. Bildirilmişdir ki, qaydalara uyğun gələn əmanət hesablarının sayı 2 milyon 400 mindir. Belə böyük məbləğdə pulun vətəndaşlara qaytarılması nəticəsində yarana biləcək inflyasiya təzyiqi barədə məsələyə aydınlıq gətirən S.Şərifov belə bir risk ehtimalının aşağı olduğunu demişdir. Belə ki, qaytarılacaq pullar istehlak bazarına çıxarılarsa bu, tarazlığı müəyyən mənada poza bilər. Belə bir riskin minimuma endirilməsi üçün nazir əhaliyə alacaqları vəsaitləri yenidən banklara əmanət şəklində yatırmağı məsləhət görmüşdür. Həmçinin, yay aylarında ənənəvi olaraq qiymətlərin enməsi müşahidə olunur. Əmanətlərin qaytarılmasının əsas hissəsi də yay aylarına düşəcəkdir.
Təqdim olunacaq sənədlərin yoxlanılması prosesi maksimum 5 gün çəkəcəkdir. İtirilmiş və yararsız hala düşmüş kitabçaların bərpası ilə isə Xüsusi Komissiya məşğul olacaqdır. Onların taleyi komissiyanın rəyinə əsasən həllini tapacaqdır. Mənfi cavab almış vətəndaş yenidən komissiyanın özünə və ya son halda məhkəməyə müraciət etmək hüququna malikdir. Ərizələrin qəbulu cari ilin sonuna, birdəfəlik ödəmələrin verilməsi isə 2013-cü il dekabrın 31-nə qədər nəzərdə tutulmuşdur.
Qaçqın və məcburi köçkünlərin itmiş əmanət kitabçaları da mütləq bərpa olunacaqdır. Bu məqsədlə Daxili İşlər Nazirliyinin sorğu bazasından da istifadə olunacaqdır.
Əhalini maraqlandıran bütün
suallar isə bu məqsədlə
yaradılmış "Qaynar xətt"də
iş günləri saat
09.00-dan 18.00-dək cavablandırılır. S.Şərifov
müraciətlərin sayının son iki ayda
azaldığını da
vurğulamış və bunu
aparılmış maarifləndirici təbliğatın nəticəsi
kimi qiymətləndirmişdir.
Azərbaycan.- 2012.- 1 iyun.- S. 2.