Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-IIIQ  nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

 

Azərbaycan Respublikası Mənzil Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 8, maddə 612; 2011, ¹ 12, maddə 1108) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 28-ci maddə üzrə:

1.1. 28.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.".

1.2. aşağıdakı məzmunda 28.4-1 - 28.4-6-cı maddələr əlavə edilsin:

28.4-1. Bu məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərraca çıxarılan qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) qiymətləndirilməsi məqsədi ilə müstəqil qiymətləndirici cəlb olunur. Mənzilin (yaşayış binasının) qiyməti son üç ay ərzində alınan mənzilə uyğun mənzilin (yaşayış binasının) notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Mənzilin (yaşayış binasının) qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan mənzili (yaşayış binasını) 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq mənzilə (yaşayış binasına) uyğun mənzilin (yaşayış binasının) bazar qiyməti əsas götürülür.

28.4-2. Bu məcəllənin 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) satışı ilə bağlı keçirilən açıq hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir:

28.4-2.1. hərraca iki nəfərdən az alıcı gəldikdə;

28.4-2.2. hərracın iştirakçısı olmadıqda;

28.4-2.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə;

28.4-2.4. hərracı udmuş iştirakçı "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunu ilə hərracı udmuş şəxs tərəfindən hərracın alış qiymətinin ödənilməsi üçün müəyyən olunmuş müddətdə alış qiymətini tam məbləğdə ödəmədikdə, bu şərtlə ki, mənzilin (yaşayış binasının) mülkiyyətçisinin razılığı ilə həmin müddət uzadılmasın.

28.4-3. Təkrar hərrac birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq keçirilir.

28.4-4. Təkrar hərracda qəza vəziyyətində olan mənzil (yaşayış binası) bu məcəllənin 28.4-cü maddəsində müəyyən edilmiş qiymətlə, təkrar hərrac bu məcəllənin 28.4-2.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə keçirildiyi halda isə, həmin qiymətdən 15 faiz aşağı qiymətlə hərraca çıxarılır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunurbu halda həmin şəxs hərracın qalibi olur.

28.4-5. Bu məcəllənin 28.4-2.2 - 28.4-2.4-cü maddələrində nəzərdə tutulmuş səbəblərə görə təkrar hərrac baş tutmamış elan edildikdə, müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 60 gündən gec olmayan müddətdə qəza vəziyyətində olan mənzil (yaşayış binası) təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə alınır.

28.4-6. Bu məcəllənin 28-ci maddəsində nəzərdə tutulan hərracın keçirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir.".

1.3. 28.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

"28.6. Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır.".

1.4. 28.7-ci maddədən "31-ci və ya" sözləri çıxarılsın.

2. 31-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 31. Yaşayış sahəsinin və (və ya) onun altındakı torpaq sahəsinin  dövlət tərəfindən alınması

Yaşayış sahəsinin və (və ya) onun altındakı torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan   Respublikasının Qanunu ilə tənzimlənir.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 4.