Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycanda səfərdə olan Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko iyunun 5-də Milli Məclisin Sədri Oqtay Əsədov ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq bildirilmişdir.

Milli Məclisin Sədri Ukraynanın xarici işlər nazirinin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərə yeni təkan verəcəyini vurğulamışdır. Azərbaycan ilə Ukrayna arasında əlaqələrin dinamik inkişaf etdiyini deyən O.Əsədov bildirmişdir ki, parlamentlərarası əməkdaşlıq da yüksək səviyyədədir. Bu əməkdaşlıq ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə töhfə verir.

Azərbaycan-Ukrayna əlaqələrindən məmnunluğunu ifadə edən   K.Qrişenko vurğulamışdır ki, bu münasibətlərin tarixi kökləri vardır. Hazırda Ukraynada Azərbaycan Mədəniyyəti Günlərinin keçirildiyini qeyd edən nazir bu tədbirin iki ölkənin yaxınlaşmasında müstəsna əhəmiyyəti olduğunu demişdir.

Bakıda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsinə münasibət bildirən K.Qrişenko qeyd etmişdir ki, Ukrayna Azərbaycan təmsilçisinə 12 bal vermişdir. Bu, dövlətlərimiz və xalqlarımız arasında  dostluq əlaqələrinin bariz nümunəsidir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 6.