Azərbaycan yenidən
müstəqilliyini bərpa etdikdən sonra
ən yaxın dostluq və
qardaşlıq əlaqələrini Türkiyə ilə qurmuşdur
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti Ankarada rəsmi səfərdədir.
Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin dəvəti ilə həyata keçirilən səfər çərçivəsində iki ölkənin nazirləri arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilmişdir.
Görüşlərdən əvvəl mətbuat üçün açıqlama verən Türkiyənin daxili işlər naziri cari ilin fevralında Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin qəbulundan, dövlət və hökumət rəsmiləri ilə keçirdiyi görüşlərdən təəssüratlarını bölüşmüşdür. İ.Naim Şahin azərbaycanlı həmkarının Ankaraya səfərini yüksək qiymətləndirmiş, burada aparılacaq danışıqların da səmərəli olacağına əminliyini bildirmişdir.
R.Usubov vurğulamışdır ki, Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra ən yaxın dostluq əlaqələrini Türkiyə ilə qurmuşdur. Çünki, biz həqiqətən bir millət, iki dövlətik. Bizi bir-birimizə sıx bağlayan tarixi, dini, mədəni tellər vardır. Dövlətlərimizin və xalqlarımızın mənafeləri də birdir. Bu gün keçirəcəyimiz görüşlərdə həm əmin-amanlığın qorunması, həm də transmilli cinayətkarlığa qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunacaqdır.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun iştirak etdiyi görüşlərdən sonra nazir R.Usubovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Əmniyyət Baş İdarəsində və cinayətkarlığa qarşı xüsusi polis dəstəsində olmuşdur.
Azərbaycanın daxili işlər nazirinin Türkiyəyə rəsmi səfəri davam edir.
Oqtay BAYRAMOV
Azərbaycan.- 2012.- 6 iyun.- S. 6.