Elmar Məmmədyarov: “Ümid edirik
ki, Ukraynanın ATƏT-də sədrliyi
dövründə Dağlıq Qarabağ
münaqişəsinin həllində müəyyən irəliləyiş
əldə olunacaqdır”
Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir və bu, iki ölkənin prezidentlərinin mütəmadi görüşlərində əksini tapır. AzərTAc xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ukraynalı həmkarı Konstantin Qrişenko ilə Bakıda keçirdiyi görüşdən sonra bildirmişdir.
Ukraynanın xarici işlər naziri K.Qrişenko ilə görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur. E.Məmmədyarov bildirmişdir ki, Ukraynanın gələn il ATƏT-də sədrlik edəcəyini nəzərə alaraq, o, ukraynalı nazirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi barədə ətraflı məlumat vermişdir. O, Ukraynanın bu qurumda sədrliyi dövründə münaqişənin həllində müəyyən irəliləyişə nail olunacağına ümidvar olduğunu bildirmişdir. Nazirin sözlərinə görə, münaqişə ilə əlaqədar danışıqlar uzun müddətdir davam edir və mövcud status-kvo yolverilməzdir.
O vurğulamışdır ki, nazir K.Qrişenko ilə söhbəti zamanı ticarət-iqtisadi, humanitar, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələlərinə toxunulmuşdur. Nazirlər iki ölkənin diplomatik akademiyaları arasında əməkdaşlığı da müzakirə etmişlər.
Ukrayna xarici siyasət idarəsinin başçısı bildirmişdir ki, "Eurovision" müsabiqəsinin əhval-ruhiyyəsi hələ də hiss olunan Bakıya səfərindən məmnunluq duyur. O demişdir: "Ukrayna Azərbaycan təmsilçisinə 12 bal vermişdir. Bu, dövlətlərimiz arasında yüksək səviyyədə münasibətlərin və xalqlarımızın böyük dostluğunun göstəricisidir".
Ukrayna nazirinin sözlərinə görə, nazir E.Məmmədyarov ilə danışıqlar zamanı bir çox məsələlərə dair fikir mübadiləsi aparılmışdır. Nazir demişdir: "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünyada qlobal məsələlərin, münaqişəli vəziyyətlərin həllində iştirak etdir, Ukrayna da gələn il ATƏT-də sədrliyə hazırlaşır, təbii ki, münaqişələrin həlli mövzusu prioritetlərdən biri olacaqdır. Buna görə də həmkarımı dinləmək, nizama salınması Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən münaqişənin həllinə dair onun mövqeyini öyrənmək vacib idi".
O bildirmişdir ki, iki ölkənin nazirləri Azərbaycan və Ukrayna Dövlət Başçıları Şurasının Kiyevdə keçiriləcək iclasına hazırlıq işlərini sürətləndirmişlər.
K.Qrişenko bildirmişdir ki, Ukrayna diplomatlarının Azərbaycanda, Azərbaycan
diplomatlarının isə Ukraynada təhsil
alması barədə razılıq əldə edilmişdir.
Azərbaycan.- 2012.- 6 iyun.- S. 6.