“İslam Əməkdaşlıq
Təşkilatı Modeli-2012” beynəlxalq təhsil
proqramı layihəsi başa çatmışdır
İyunun 5-də Bakıda, "Park Inn" otelində "İslam Əməkdaşlıq Təşkilatı Modeli-2012" beynəlxalq təhsil proqramı layihəsinin başa çatması və qaliblərin mükafatlandırılması ilə əlaqədar tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, layihə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Gənclər və İdman Nazirliyinin, Gənc Sahibkarlar Şəbəkəsinin və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə reallaşdırılmışdır.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, Bakıda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak etmişlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov "İslam Əməkdaşlıq Təşkilatı Modeli" beynəlxalq təhsil proqramı layihəsi, onun məqsəd və əhəmiyyəti barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, həmin proqram artıq ikinci ildir ki, həyata keçirilir. Layihənin əsas məqsədi İƏT ölkələri məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, ölkənin müxtəlif qurumlarında və beynəlxalq təşkilatlarda işləmək istəyən gənclərin idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə kömək etmək, beynəlxalq münasibətlər üzrə nəzəri və praktiki biliklərin artırılmasına nail olmaqdır. Bu proqram, eyni zamanda gənc liderlərin beynəlxalq səviyyədə təmsilçilik işinə töhfə vermək məqsədi daşıyır.
Qeyd olunmuşdur ki, bu ilin aprelindən başlanan təhsil proqramında iki ay ərzində Bakıdakı ali təhsil müəssisələrinin 100-dək tələbəsi İƏT-in tarixi, onun struktur prinsipləri, müxtəlif qlobal məsələlər üzrə nəzəriyyələr ilə tanış olmuşlar. İƏT ölkələrinin Bakıdakı səfirləri, səfirlik əməkdaşları, müxtəlif beynəlxalq və yerli dövlət qurumlarının nümayəndələri müvafiq mövzular üzrə tələbələrə mühazirə oxumuşlar. Bundan başqa, tələbələrin yaratdıqları, İƏT-in aparıcı ölkələrini təmsil edən işçi qruplar model oyunlar çərçivəsində beynəlxalq münasibətlərin aktual problemlərini, əsasən İƏT arealında baş verən və beynəlxalq təsirə malik problemlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, müasir beynəlxalq layihələrdə islam ölkələrinin iştirakını və digər məsələləri müzakirə edərək həmin problemlərin həlli istiqamətində konkret təkliflərlə çıxış etmişlər.
Bildirilmişdir ki, layihənin yekunu olaraq, iyulun 4-dən 10-dək Rusiyanın Kazan şəhərində İƏT ölkələrində analoji layihənin qalibi olan tələbələrin iştirakı ilə "Beynəlxalq İƏT Modeli" yarışması keçiriləcəkdir.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu rəhbərlik etdiyi qurumun fəaliyyətindən, həyata keçirdiyi layihələrdən danışmışdır. O demişdir ki, İƏT son illər fəaliyyətini daha da genişləndirərək, dünyada BMT-dən sonra ikinci böyük təşkilat kimi formalaşmışdır. Azərbaycan-İƏT münasibətlərinin əhəmiyyətindən danışan E.İhsanoğlu ölkəmizin təşkilatda mühüm rolunu diqqətə çatdırmış, gənclərə ölkədə gedən quruculuq prosesində fəal mövqe tutmalarını arzulamışdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxış edərək demişdir ki, Azərbaycanın tolerant ölkə kimi dünyada tanınmasında ulu öndər Heydər Əliyevin böyük rolu olmuşdur. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
Azərbaycan ilə İƏT arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan A.Paşazadə E.İhsanoğlunun ölkəmizə səmimi münasibətinə, İƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə daim dəstək verdiyinə görə minnətdarlığını bildirmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov vurğulamışdır ki, Azərbaycan islam dünyasının bir parçası, onun ayrılmaz hissəsidir. Bu baxımdan İslam Modelinin Azərbaycanda keçirilməsi və bununla bağlı gənclərin müzakirələr aparması təsadüfi deyildir. Ölkəmizdə hər zaman islama böyük önəm verilmişdir. Dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə məscidlərin təmir edilməsi və müsəlmanların istifadəsinə verilməsi Azərbaycanda hər zaman mövcud olan islami dəyərlərə önəm verilməsinin parlaq nümunəsidir.
Prezident Administrasiyasının rəsmisi bildirmişdir ki, bu gün Azərbaycan müstəqil ölkədir və onun gənc, intellektual və gələcəyə yeni, təşəbbüskar, kreativ və innovativ ideyalarla baxan bir gəncliyi vardır. Gənclərimizin əldə etdikləri biliklər, intellektual potensial Azərbaycanın gələcək inkişafına və yeni mərhələyə keçməsinə, eləcə də gənclərin gələcəkdə önəmli mövqelər tutmasına xidmət edəcəkdir.
Azərbaycanın regionun lider dövlətinə çevrildiyini, belə bir ölkəni beynəlxalq səviyyədə təmsil etməyin əhəmiyyətini vurğulayan Elnur Aslanov gənclərə müxtəlif sahələr üzrə biliklərini daim artırmağı, təkmilləşdirməyi və inkişaf yolu ilə irəliləməyi tövsiyə etmiş, onlara bu işdə uğurlar arzulamışdır.
Tədbirdə digər çıxış edənlər də layihənin əhəmiyyətindən danışmış, İƏT ölkələri ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışlar.
İslam Modelində qalib gəlmiş
işçi qruplara və daha çox fərqlənən iştirakçılara xüsusi
mükafatlar təqdim olunmuşdur. Qaliblər arasından Azərbaycanı
həmin layihənin beynəlxalq yarışmasında təmsil
edəcək qrup müəyyənləşdirilmişdir.
Azərbaycan.- 2012.- 6 iyun.- S. 6.