Bakıda
keçirilən XIX Beynəlxalq Xəzər neft,
qaz, neftayırma, neft
kimyası sərgi və konfransı ilə bağlı rəsmi
qəbul təşkil olunmuşdur
İyunun 5-də Bakıda işə başlamış XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı ilə əlaqədar ABŞ və Böyük Britaniyanın ölkəmizdəki səfirlikləri birgə rəsmi qəbul təşkil etmişlər.
AzərTAc xəbər verir ki, qəbulda Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrin Bakıdakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Piter Beytman sərgi və konfransın ildən-ilə artan əhəmiyyətindən bəhs etmişdir.
Səfir 2012-ci ilin Azərbaycan üçün uğurlu il olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi etməsi cari ildə əldə olunan nailiyyətlər sırasındadır. Diplomat Azərbaycan ilə Böyük Britaniya arasında neft və qaz sahəsində uğurlu əməkdaşlığın mövcud olduğunu bildirmiş, Azərbaycana yatırılan bütün xarici sərmayələrin 45 faizinin Böyük Britaniyanın payına düşdüyünü diqqətə çatdırmışdır. Onun sözlərinə görə, təkcə bp şirkəti 1994-cü ildən bu günə qədər Azərbaycan iqtisadiyyatına 35 milyard ABŞ dolları investisiya yatırmışdır.
ABŞ-ın Azərbaycandakı müvəqqəti
işlər vəkili Adam Sterlinq
tədbirdə çıxış edərək
vurğulamışdır ki, Bakıda
işə başlayan beynəlxalq neft-qaz sərgisi ikitərəfli əlaqələrə
böyük töhfə verir.
Bu
yaxınlarda Vaşinqtonda iqtisadi
əməkdaşlıq üzrə Azərbaycan-ABŞ
Hökumətlərarası Komissiyasının növbəti
iclasının keçirildiyini
xatırladan A.Sterlinq bildirmişdir
ki, bu cür
tədbirlər münasibətlərimizin möhkəmlənməsi
üçün zəmin yaradır.
Azərbaycan.- 2012.- 6 iyun.- S. 7.