Böyük Britaniya Krallığı ilə Azərbaycan arasında əlaqələr inkişaf edir

 

 İyunun 5-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Böyük Britaniya Krallığı Lordlar Palatasının üzvlərini - Lord Şeyx Mühəmməd, Lord Patel Kamleş, Lord Hyu DayksLord Riçard Rizbin ilə görüşmüşdür.

Şirkətdən AzərTAc-a bildirmişlər ki, R.Abdullayev Böyük Britaniya Krallığı ilə Azərbaycan arasında əlaqələrin  inkişaf etdiyini söyləmiş, bu münasibətlərin daha da genişlənməsi və dərinləşməsində qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd etmişdir. O əmin olduğunu bildirmişdir ki, lordlar Bakıda olduqları günlərdə Azərbaycanın əldə etdiyi sosial-iqtisadi uğurlar barədə geniş məlumat alacaq, ölkəmiz, paytaxtımız və xalqımızla yaxından tanış olacaq, respublikada demokratik dəyərlərin, millidini tolerantlığın yüksək səviyyədə bərqərar olduğunu əyani şəkildə müşahidə edə biləcəklər.

Lord Şeyx Mühəmməd Azərbaycanın inkişaf etməkdə olan mütərəqqi Avropa ölkələrindən olduğunu yaxşı bildiklərini və belə bir ölkəyə gəlməkdən məmnunluq duyduqlarını söyləmiş, səmimi dəvət və qəbul üçün ARDNŞ prezidentinə təşəkkür etmişdir. Qonaqlar həmçinin, XIX "Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası" Konfransının açılışı münasibəti ilə təbriklərini çatdırmışlar.

R.Abdullayev Azərbaycanda neft sənayesinin zəngin tarixə malik olduğunu, Bakı neftçilərinin dünya neft sənayesinə çoxsaylı töhfələr verdiklərini qeyd etmiş, hələ Sovet dövründə onlar tərəfindən Xəzər dənizinin müxtəlif milli sektorlarında yerləşən böyük neft-qaz yataqlarının kəşf olunduğunu diqqətə çatdırmışdır.

Daha sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın yeni neft strategiyasının uğurla həyata keçirilməsi və bu strategiya çərçivəsində regional əhəmiyyətli layihələrin gerçəkləşdirilməsi haqda qonaqlara ətraflı məlumat verən ARDNŞ prezidenti Azərbaycanda hasil olunan karbohidrogenlərin dünya bazarlarına çıxarılması məqsədi ilə qısa müddətdə şaxələndirilmiş neftqaz kəmərləri sisteminin yaradılmasından söz açmış və bildirmişdir ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının nəqli məsələlərində iqtisadi səmərəlilik əsas götürülür. R.Abdullayev həmçinin, qonaqları ARDNŞ-nin son illər həyata keçirdiyi investisiya layihələri, ekologiya, səhiyyə və təhsil proqramları haqqında məlumatlandırmışdır. O, xüsusilə təhsil layihələrinin həyata keçirilməsində Böyük Britaniya təcrübəsindən istifadə olunduğunu, İngiltərə universitetləri və digər tədris mərkəzləri ilə sıx əməkdaşlıq qurulduğunu vurğulamışdır.

Qonaqlar Rövnəq Abdullayevi  Böyük Britaniya Krallığının Lordlar Palatasında ARDNŞ-nin geniş təqdimatı ilə çıxış etməyə dəvət etmişlər. Görüşdə qonaqları maraqlandıran digər məsələlərə də aydınlıq gətirilmiş, onların suallarına ətraflı cavablar verilmişdir.

 

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 7.