Hans-Ditrix Genşer: Azərbaycan Cənubi Qafqaz regionunda sabitliyin təminatçısıdır

 

 Bakıda səfərdə olan Almaniya Federativ Respublikasının keçmiş xarici işlər naziri Hans-Ditrix Genşer iyunun 5-də Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AzərTAc) məxsusi müsahibə vermişdir. Müsahibəni təqdim edirik.

- Cənab Genşer, Almaniya-Azərbaycan əlaqələrinin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?

- Ölkələrimiz arasında yaxşı münasibətlər yaranmışdır. Bu münasibətlər müsbət istiqamətdə inkişaf edir. Lakin münasibətlərimizin perspektivləri qat-qat çoxdur, mövcud potensial heçtam reallaşdırılmamışdır. Biz ümumi maraqlarımızı müəyyən edəcək və onlara uyğun olaraq əməkdaşlığı genişləndirəcəyik. Söhbət təkcə Azərbaycan-Almaniya əlaqələrindən deyil, həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığından gedir. Biz Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını dəstəkləyirik.

- Sizcə, Azərbaycan-Almaniya, ümumiyyətlə Azərbaycan-Avropa ölkələri arasında əməkdaşlığın hansı istiqamətlərində daha çox görülməlidir?

- Deyərdim ki, bütün sahələrdə - həm iqtisadi, həm maliyyə, həm siyasi, həm də humanitar sahələrdə. Azərbaycan Cənubi Qafqaz regionunda sabitliyin təminatçısıdır və bu, Avropa İttifaqının siyasətinə uyğundur. Mən regionda əməkdaşlıq üçün Azərbaycandan yaxşı tərəfdaş tanımıram.

- Avropanın enerji təhlükəsizliyində, ümumiyyətlə bu qitənin təhlükəsizliyində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- İndi təhlükəsizliyi enerji təhlükəsizliyindən ayırmaq olmaz. Buna görə də Azərbaycan kimi bir ölkə bizim üçün çox vacibdir. Hesab edirəm ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır. Azərbaycan hökumətinin qəbul edəcəyi gələcək qərarlar da çox vacibdirAvropada böyük maraq doğurur.

- Azərbaycan Prezidenti energetika sahəsində əməkdaşlıqda hər zaman mühüm prinsipi - istehsalçının və istehlakçının bərabər hüquqlar əsasında əməkdaşlığını vurğulayır. Bu barədə nə deyə bilərsiniz?

- Almaniyanın xarici siyasəti də bu prinsipi dəstəkləyir - təkcə energetika sahəsində deyil, başqa sahələrdə də bütün suveren dövlətlər öz aralarında bərabərdir və onların hüquqları eynidir. Bu, Azərbaycan ilə bizim münasibətlərimizə də aiddir. Mən "bizim" dedikdə təkcə Almaniyanı deyil, bütün Avropa İttifaqını nəzərdə tuturam.

- Siz dediniz ki, Azərbaycan Almaniya, ümumiyyətlə bütün Avropa üçün çox vacib ölkədir. Ancaq Almaniyanın bəzi kütləvi informasiya vasitələri Azərbaycana münasibətdə son vaxtlar qeyri-obyektiv mövqedən çıxış edirlər. Sizcə, kütləvi informasiya vasitələrinin bu mövqeyi ölkələrin yaxınlaşmasına nə qədər mənfi təsir edir?

- Mən, ilk növbədə, belə hesab edirəm ki, Azərbaycan və alman xalqları dostdurlar. Heç bir tənqidi yazı bu dostluğa xələl gətirə bilməz. Güman edirəm ki, Azərbaycan ilə Almaniya arasında mübadilə nə qədər çox olsa, Almaniyaya azərbaycanlılar nə qədər çox gəlsələr, almanlar Azərbaycana nə qədər tez-tez səfər etsələr, bu əlaqələr bir o qədər çox möhkəmlənəcəkdir. Mən gələcəyə baxmağın tərəfdarıyam.

- Yəni, demək istəyirsiniz ki, böyük siyasətin dahilərindən olan cənab Genşer Azərbaycan-Almaniya münasibətlərinin perspektivlərinə nikbin baxır?

- Bəli, mən münasibətlərimizin inkişafı üçün yaxşı perspektiv görürəm. Hesab edirəm ki, həyata keçirilən siyasət bu münasibətlərin yaxşılaşmasına, daha da inkişaf etməsinə şərait yaradacaqdır. Bunu mən bizim nümayəndə heyətinin cənab Prezidentlə bugünkü görüşündə də hiss etdim.

-Yeri gəlmişkən, Azərbaycan Prezidenti ilə görüşünüzlə bağlı sizdə hansı təəssüratlar yarandı?

- Mən gördüm ki, cənab Prezident Azərbaycanın gələcəyinin Avropa İttifaqı dövlətləri ilə əməkdaşlıq yolundan keçdiyinə əmindir və bu, qəti mövqedir.

- Ekspertlər belə hesab edirlər ki, Avropa sərt büdcə siyasətindən, sərt iqtisadi siyasətdən alovlanır. Bununla bağlı sizin fikrinizi bilmək maraqlı olardı. 

- Mən Avropa İttifaqının seçdiyi strategiyanı düzgün hesab edirəm. Bu, bir tərəfdən iqtisadi sabitləşmə, digər tərəfdən iqtisadiyyatın artımına təkan verəcək tədbirlərdir.

- Cənab Genşer, Avropada islamofobiyaradikal millətçiliklə bağlı çox müzakirələr aparılır. Bu, Avropa dəyərlərinin böhranıdır, yoxsa müvəqqəti haldır? 

- Xeyr, mən belə hesab etmirəm ki, Avropa hazırda dəyərlər böhranı dövrünü yaşayır. Çünki Avropa dəyərləri dini tolerantlıq və bütövlükdə tolerantlıqdır. Bunlar müvəqqəti haldır.

 

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 7.