Bakıda milli kvalifikasiyalar çərçivəsinin tətbiqi ilə bağlı beynəlxalq seminar işə başlamışdır

 

İyunun 5-də "Avropa" otelində "Milli kvalifikasiyalar çərçivəsinin tətbiqi: problemlər və perspektivlər" mövzusunda Beynəlxalq seminar başlamışdır.

AzərTAc xəbər verir ki, təhsil işçilərinin, Polşa, Türkiyə, Avstriya və digər ölkələrdən olan mütəxəssislərin, Avropa Şurası, Avropa Təhsil Fondu, Dünya Bankı nümayəndələrinin iştirak etdikləri seminarda Azərbaycanın təhsil nazirinin müavini Qulu Novruzov mövzunun əhəmiyyətini vurğulamışdır.

Azərbaycanın Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu xatırladan nazir müavini respublikamızda bu prosesin tələblərinə uyğun reallaşdırılan tədbirlərdən danışmışdır.

Ölkəmizdə milli kvalifikasiyalar çərçivəsinin hazırlandığını qeyd edən Q.Novruzov bu sənəd ilə bağlı fikirlərini bildirmişdir. Diqqətə çatdırmışdır ki, milli kvalifikasiyalar çərçivəsinin əsas məqsədlərindən biri də təhsilin bütün pillələrində keyfiyyətin təmin edilməsidir.

Nazir müavini qarşıda duran vəzifələrdən də bəhs etmişdir. Seminarda Avropa Şurasının nümayəndəsi Katia Dolqova-Dreyerin "Avropa ali təhsil məkanında kvalifikasiya çərçivəsinin rolu", Avropa Təhsil Fondunun eksperti Aryen Deijin "Milli kvalifikasiyalar çərçivəsinin ali təhsildən başqa təhsilin digər pillələrində tətbiqi", Dünya Bankının eksperti Olav Aarnanın "Ömürboyu təhsil üzrə Azərbaycanın milli kvalifikasiyalar çərçivəsinin hazırlanması və tətbiqi" mövzularında təqdimatları olmuşdur.

Çıxış edənlər milli kvalifikasiyalar çərçivəsinin tətbiqində beynəlxalq təcrübələrin əhəmiyyətindən danışmışlar. 

Seminarda  mövzu üzrə geniş müzakirələr aparılmışdır.

Beynəlxalq seminar iyunun 6-da başa çatacaqdır.

 

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 8.