Bakıda “MDB ölkələri ədəbiyyatlarının
bədii tərcüməsinin aktual
problemləri” mövzusunda
beynəlxalq simpozium işə
başlamışdır
İyunun 5-də Bakı Slavyan Universitetində "MDB ölkələri ədəbiyyatlarının bədii tərcüməsinin aktual problemləri" mövzusunda beynəlxalq simpozium və eyni zamanda MDB ölkələri gənc bədii ədəbiyyat tərcüməçilərinin ikinci Beynəlxalq elmi məktəbi işinə başlamışdır.
Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan və Ukraynanın dövlət orqanlarının, aparıcı təhsil və elm müəssisələrinin nümayəndələri iştirak etmişlər.
Açılış mərasimində Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev, Moskva Dövlət Linqvistik Universitetinin rektoru, professor İrina Xaleyeva, İrkutsk Dövlət Linqvistik Universitetinin rektoru Qriqoriy Voskoboynik, S.Yesenin adına Ryazan Dövlət Universitetinin rektoru İrina Şeina, Milli Məclisin deputatı, professor Asim Mollazadə çıxış edərək simpoziumun işinə uğurlar arzulamışlar.
Tədbirdə simpozium və MDB ölkələri gənc bədii ədəbiyyat tərcüməçilərinin ikinci Beynəlxalq elmi məktəbi haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, tədbir Moskva Dövlət Linqvistik və Bakı Slavyan universitetlərinin birgə təşkilatçılığı və MDB-nin üzv dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə təşkil olunmuşdur.
BSU-nun tərcümə ilə bağlı gələcək planlarından danışan rektor Kamal Abdullayev Moskva Dövlət Linqvistik Universitetində azərbaycanşünaslıq üzrə mütəxəssislərin hazırlandığını diqqətə çatdırmış və gələcəkdə belə qarşılıqlı əlaqələrin daha yüksək səviyyədə davam edəcəyini söyləmişdir.
Moskva Dövlət Linqvistik Universitetinin rektoru, professor İrina Xaleyeva nəzərə çatdırmışdır ki, simpozium MDB ölkələrində bədii tərcümə sahəsində vəziyyətin təhlili və müzakirələrin nəticələri nəzərə alınmaqla tövsiyələrin hazırlanmasını, həmçinin Rusiya Federasiyası və MDB ölkələrinin aparıcı ali təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə Beynəlxalq Bədii Tərcümə Mərkəzinin və Ekspert Şurasının yaradılması məsələlərini əhatə edir.
Qeyd edilmişdir ki, MDB ölkələri gənc bədii ədəbiyyat tərcüməçilərinin ikinci məktəbində tərcüməni tədris edən müəllimlərin və bədii ədəbiyyat tərcüməçilərinin ixtisaslarının artırılması nəzərdə tutulmuşdur. Burada klassik nəsr, bədii və uşaq ədəbiyyatları, poeziya və publisistika nümunələrinin tərcüməsi və eyni zamanda, bədii ədəbiyyat tərcüməçilərinin hazırlanması elmi və praktiki problemlərin müzakirəsinə həsr olunmuş "dəyirmi masa"ların və ustad dərslərinin keçirilməsi planlaşdırılır.
Simpoziumda MDB ölkələrində bədii tərcümənin cari vəziyyəti, tərcümənin müxtəlif xalqların mədəniyyətinin inkişafında, onların bir-birlərini daha yaxından tanımalarında rolundan danışılmışdır. Həmçinin Azərbaycanda bu sahədə görülən işlər, əsrlər boyu tolerant xalq kimi tanınmış azərbaycanlıların müxtəlif dillərə və dinlərə münasibəti diqqətə çatdırılmışdır.
Vurğulanmışdır ki, Bakıda keçirilən tədbirlər MDB ölkələrində gənc bədii ədəbiyyat tərcüməçilərinin peşə hazırlığı səviyyəsinin artırılmasına xidmət edəcəkdir. Burada tərcüməçi hazırlığında vahid yanaşmanın formalaşması proqramı, Müstəqil Dövlətlər Birliyi ölkələri dillər və mədəniyyətlər üzrə baza təşkilatlarının nəzdində MDB Tərcüməçilərinin Ekspert Şurası təsis olunacaqdır. Həmçinin MDB iştirakçısı olan ölkələrin təhsil strukturları, mətbuat və kütləvi kommunikasiya orqanları arasında qarşılıqlı əlaqələrin uzunmüddətli inkişaf proqramı müəyyənləşəcəkdir.
Simpozium və gənc tərcüməçilərin ikinci məktəbi bədii tərcümə sahəsində peşəkarlığın və MDB məkanında bədii ədəbiyyat naşirləri ilə yazıçı-tərcüməçilər arasında əməkdaşlığın inkişafını stimullaşdırmaq məqsədi daşıyır.
Simpoziumun plenar iclasında professor K.Abdullayevin "Filoloqun kitabxanası və Azərbaycanda yeni tərcüməçilər nəslinin formalaşması", Tacikistan Dövlət Universitetinin professoru, Tərcüməçilər Assosiasiyası Mərkəzinin rəhbəri Mexrinisso Naqzibekovanın "Tacikistan Respublikasında tərcümənin tarixi", Moskva Dövlət Linqvistik Universitetinin prorektoru, professor Y.Suxarevin "Gənc bədii ədəbiyyat tərcüməçilərinin ikinci məktəbi - MDB ölkələrində Bədii Tərcümə Mərkəzinin yaradılmasının yeni mərhələsidir", İrkutsk Dövlət Linqvistik Universitetinin rektoru, professor Qriqori Voskoboynik "Bədii tərcümə: mədəniyyətlərin dialoqu, yoxsa tərcüməçinin monoloqu?" mövzularında məruzələri dinlənilmişdir.
Simpozium iyunun 7-dək davam edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2012.- 6 iyun.- S. 9.