Azərbaycan ilə
Serbiya arasında əlaqələrin
perspektivləri müzakirə olunmuşdur
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov mayın 31-də Serbiya Respublikasının ölkəmizdəki səfiri Zoran Vayoviç ilə görüşmüşdür.
DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, R. Usubov nazirliyin fəaliyyət istiqamətləri və funksional vəzifələri, mövcud kriminogen durum barədə qısa məlumat vermişdir. Demokratikləşmə və islahatlar prosesinin DİN-dən yan keçmədiyini vurğulayan nazir ölkəmizin Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən insan hüquq və azadlıqlarının qorunmasının prioritet elan olunduğunu, polisin fəaliyyətini tənzimləyən qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyini, bu sahədə inkişaf etmiş dövlətlərin təcrübəsinin öyrənilməsinin, beynəlxalq təşkilatların mütəxəssislərinin böyük rolu olduğunu demişdir.
Daxili işlər naziri son illər iki ölkə arasında əlaqələrin genişləndiyini xatırladaraq dövlət başçılarının qarşılıqlı səfərlərinin, ən yüksək səviyyədə imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə, ölkələrimiz arasındakı münasibətlərin daha sürətlə inkişaf etməsinə təkan verdiyini bildirmişdir.
Bu ay Bakıda keçirilən "Eurovision-2012" beynəlxalq musiqi yarışmasında Serbiya təmsilçisinin uğurla çıxış edərək üçüncü yer tutduğunu nəzərə çatdıran nazir bu münasibətlə səfiri təbrik etmişdir. Bir fakt da məmnunluqla vurğulanmışdır ki, son üç il ərzində ölkəmizdə serb vətəndaşları tərəfindən və onlara qarşı heç bir cinayət törədilməmişdir.
Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində olduğu, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyü vurğulanmışdır.
Səfir Zoran Vayoviç səmimi qəbula və ətraflı
məlumata, Bakıda keçirilən "Eurovision-2012"
mahnı müsabiqəsinin yüksək səviyyədə təşkilinə
və təhlükəsizliyin nümunəvi təmin
olunmasına görə minnətdarlığını bildirmişdir. Azərbaycanda özünü çox rahat və təhlükəsiz hiss
etdiyini xatırladan səfir fəaliyyəti
dövründə iki dövlət
arasındakı əlaqələrin daha da inkişaf etməsi
istiqamətində səylərini əsirgəməyəcəyini
diqqətə çatdırmışdır.
Azərbaycan.- 2012.- 1 iyun.- S. 2.