Meliorasiya
işçiləri peşə bayramlarını qeyd
etmişlər
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) kollektivi 5 iyun- Meliorator Günü peşə bayramını qeyd etmişdir.
AzərTAc xəbər verir ki, ASC-nin rəhbərliyi və əməkdaşları iyunun 5-də əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoymuş, müstəqil dövlətimizin banisi və qurucusunun əziz xatirəsini böyük ehtiramla yad etmişlər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə çiçək dəstələri qoyulmuşdur.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi yolunda həlak olmuş şəhidlərimizin xatirəsi yad edilmişdir.
Sonra meliorator günü ilə bağlı "Heydər Əliyev və Azərbaycanın su təsərrüfatı" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Konfransda "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə və başqaları çıxış edərək bildirmişlər ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, ölkə melioratorları 2007-ci ildən başlayaraq ulu öndərimiz Heydər Əliyev tərəfindən 1996-cı ildə "Meliorasiya və irriqasiya haqqında" qanunun imzalandığı 5 iyun gününü peşə bayramı kimi qeyd edirlər.
Səhmdar cəmiyyətinin sədri ölkədə meliorasiya və su təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, qədim suvarma əkinçiliyi ölkəsi olan respublikamızda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlanılsa da, onun əsas inkişafına ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə nail olunmuşdur.
Bununla belə, konfransda təəssüf hissi ilə qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyev keçmiş İttifaq rəhbərliyindən getdikdən sonra Azərbaycanda kənd təsərrüfatının, xüsusilə də, meliorasiya və su təsərrüfatının inkişafı demək olar ki, dayanmış, sahəyə ayrılan vəsaitin həcmləri və aparılan işlərin sürəti kəskin surətdə azalmışdır.
Belə bir şəraitdə 1993- cü ildə ulu öndərin yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bu sahəyə dövlətin diqqət və qayğısı bərpa olunmuş, mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alınmış, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilmişdir.
Diqqətə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyevin ölkədə meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğı hazırda onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, hazırda ölkəmizdə su axınını bölüşdürən və tənzimləyən suvarma sistemlərinə, kollektor- drenaj şəbəkələrinə, nasos stansiyalarına, su anbarlarından ibarət güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi fəaliyyət göstərir.
Konfransda məlumat verilmişdir ki, Prezident İlham Əliyevin bu sahəyə diqqətinin nəticəsi olaraq son 9 ildə bütün maliyyə mənbələri hesabına meliorasiya və su təsərrüfatı sahəsinə əsaslı kapital qoyuluşu 32 dəfəyə yaxın artmışdır. Bunun nəticəsində mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sistem üzrə işçilərin əməkhaqqı 8 dəfəyə qədər artmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, 1400-dən artıq maşın və mexanizmlər alınmış, 1272 kilometr suvarma kanallarının və 874 kilometr kollektor- drenaj şəbəkələrinin tikintisi, təmir-bərpası və yenidən qurulması işləri həyata keçirilmiş, 147 min hektar sahədə suvarılan torpaqların meliorativ vəziyyəti, 121 min hektar ərazidə yeni suvarılan sahələr də daxil olmaqla suvarılan torpaqların su təminatı yaxşılaşdırılmışdır.
Tədbirdə melioratorların peşə bayramı ərəfəsində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə səhmdar cəmiyyətin bir qrup əməkdaşının təltif edilməsi dövlət başçısının bu sahədə çalışanların əməyini daim yüksək qiymətləndirməsinin əyani təzahürü olduğu bildirilmişdir.
Konfransın sonunda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
Elmi-praktik
konfransın işində Azərbaycan Respublikasının
Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri
şöbəsinin müdiri A.Əmiraslanov, Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri E.İbrahimov, Baş
nazirin müşaviri M.Məmmədov və Kənd Təsərrüfatı
və Qida Sənayesi İşçiləri Həmkarlar
İttifaqı Federasiyasının sədri T.Quliyev iştirak
etmişlər.
Azərbaycan.- 2012.- 6 iyun.- S. 9.